Müəllimlərin bir stavka dərs yükü yenidən 12 saata endirilməli, əlavə olaraq isə hər bir müəllim üçün sabit vəzifə maaşı (500-600 manat arası) müəyyən edilməlidir. Dərs yükünə görə isə ayrıca ödəniş tətbiq olunmalıdır.
Tribunainfo.az xəbər verir ki, bu təkliflə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, müəllimlər dərsə, şagirdə və özünə vaxt ayıra bilmir:
“Müəllimin dərs yükü tədrisin keyfiyyətinə bilavasitə təsir göstərən əsas amillərdəndir. Amma təəssüf ki, sosial-iqtisadi vəziyyət müəllimləri çox dərs deməyə məcbur edir. 2016-cı ildə bir stavka dərs yükünün 12 saatdan 18 saata qaldırılması ciddi səhv idi. Bu qərar müəllimin fənnə, şagirdə və özünə vaxt ayırmaq imkanlarını məhdudlaşdırdı.
ABŞ, Birləşmiş Krallıq, Türkiyə və Almaniya kimi ölkələrdə müəllimlərin dərs saatları 19-30 saat aralığında tənzimlənir. Azərbaycanda isə bu rəqəm bəzi hallarda həftədə 36 saatı aşır. Təsəvvür edin: 36 saat dərs deyən müəllimlə, 12 saat dərs deyən müəllimin dərs keyfiyyəti eyni ola bilərmi? Əlbəttə, xeyr. Bu həm müəllimi, həm şagirdi itirən bir sistemdir.
Keyfiyyətli təhsil istəyiriksə, əvvəlcə müəllimə keyfiyyətli iş şəraiti yaratmalıyıq”.
Nigar İxtiyarqızı