Müəllimlərə yeni zərbə: “Gecə də məktəbdə qalsınlar?” – Ekspert

Müəllimlərə yeni zərbə: “Gecə də məktəbdə qalsınlar?” – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin həyatına, sosial rifahına, psixoloji durumuna və ailə mühitinə birbaşa təsir edəcək qərarlar qəbul edilərkən, nə tədqiqat aparılır, nə də müəllimlərin fikri soruşulur.
Əslində, “iş saatına görə maaş verilməsi” ideyası ilk baxışda ədalətli görünə bilər. Amma məsələni dərindən düşünəndə bu yanaşmanın praktik və sosial nəticələri çox ciddi suallar doğurur.

Tribunainfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov danışıb. O bildirib ki, əgər “iş saatına görə maaş” tətbiq edilərsə, gərək uzaqda yaşayan müəllimlər gecəni də məktəbdə keçirsin:

“Bakı, Sumqayıt və Abşeronda yaşayan yüzlərlə müəllim hər gün saat 6:00-da evdən çıxır, 8:00-da dərsə çatır, axşam 5-6-da dərsdən çıxıb 9-10-da güclə evə qayıdır.
Onların çoxu qadınlardır — ailəsi, uşağı, xəstəsi olan insanlar.

Bu müəllimlər artıq 10-12 saat evdən uzaqdadırlar. Əgər “iş saatına görə maaş” tətbiq edilərsə, onda bu insanlar sanki gecəni də məktəbdə keçirməlidir.

Bəs bu qərarı verənlər bu insanları tanıyırmı?
Onlardan bircə nəfər belə bu reallığı soruşubmu?
Yoxsa yenə “nə olacaqsa, olacaq” prinsipi ilə, qaş düzəldərkən göz çıxaracağıq?

Əslində bu, tək maaş məsələsi deyil — idarəetmə fəlsəfəsi problemidir.

Təhsil siyasəti statistikaya, cədvəllərə və “effektivlik göstəricilərinə” deyil, insanın həyat ritminə əsaslanmalıdır. Əgər müəllimin rifahı təmin olunmursa, heç bir proqram, strategiya və ya “konsepsiya” onu əvəz edə bilməz”.

K. Əsədov bildirib ki, bu tip qərarlar mütləq şəkildə ekspertlərlə, məktəb direktorları və müəllim birlikləri ilə müzakirə edilməlidir:

“Mühazirə deyil — müzakirə!
Çünki təhsildə qərar masası bir tərəfli deyil, birgə düşünmək masası olmalıdır.

Təklif edirəm ki,
Elm və Təhsil Nazirliyi bu ideyanı kənardan deyil, yerindən, məktəbdən, müəllimdən dinləsin.

Hər islahatdan öncə sual versin:

“Bu qərarın arxasında insan dayanırmı?”

Yoxsa bir gün anlayacağıq ki, islahat uğrunda ən çox itirən də, ən çox əziyyət çəkən də elə müəllimin özü olub”.

Gülşən Rəsul