Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayıb. Ümumilikdə 5 740 namizədin dəvət olunduğu müsahibələr avqustun 22-dək davam edəcək. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən şəxsiyyəti təsdiq edən sənədi, habelə ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni mütləq gətirmək lazımdır.Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq. Həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
Təhsil eksperti Səbuhi Abdullayev Demokrat.az-a açıqlamasında qeyd edib ki, müsabiqə mərhələsini keçmiş və vakant yer seçmiş namizədlər kifayət qədər savadlı şəxslərdir, ancaq onlar müsahibədə bəzi kompetensiyalara diqqət etməlidirlər:
“Müsahibədə dünyagörüşü böyük rol oynayır, təhsil proqramları, elm və təhsillə bağlı yeniliklər haqqında məlumatlı olmaq vacibdir. Dünya olimpiadaları, onların şərtləri, müsabiqə formatı ilə bağlı namizədin məlumatlı olmasına da diqqət edilir. Namizəd ölkədə elm və təhsillə bağlı aparılan siyasəti, bu sahədə atılan addımları da bilməlidir. Eyni zamanda dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərdar olmaq, cəmiyyətdə baş verənləri bilmək lazımdır. Namizəd imtahana gələrkən geyiminə, imtahanda davranışına da diqqət etməlidir, necə deyərlər insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Namizəd müsahibədə özü haqqında müsbət ilkin təəssürat yaratmağı bacarmalıdır. İxtisasla bağlı suallara şəxs həyəcanlanmadan cavab verməlidir. Bundan başqa namizədlər praktik nüanslara diqqət etməli, hər hansı bir mövzunu izah etmək üzərində işləməlidirlər. Bu tələblərə cavab verən namizəd düşünürəm ki, imtahanda uğurlu nəticə əldə edə bilər”.