“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi (MHUİB) bildirir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bütün konsert və musiqi tədbirlərində səslənən əsərlərin müəlliflərinə qonorar ödənilməsi məcburidir. Bu tələbi pozan təşkilatçılar, səhnə sahibləri və himayədarlıq edən şəxslər qanun qarşısında məsuliyyət daşıyırlar.
Nazirlər Kabinetinin 38 nömrəli Qərarına əsasən.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli, 38 nömrəli Qərarı (“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun tətbiqi barədə) göstərir ki:
“Əsərlərin ictimai ifası, səhnələşdirilməsi və kommersiya məqsədilə istifadəsi yalnız müəllifin və ya hüquq sahibinin razılığı ilə, lisenziya müqaviləsi əsasında həyata keçirilə bilər. Əsərlərdən istifadə edildiyi hallarda müəlliflərə qonorar ödənilməsi məcburidir.”
Həmin qərara 2017-ci ildə edilən dəyişikliklərlə, konsert, restoran, toy və digər kütləvi tədbirlərdə istifadə olunan musiqi əsərlərinə görə ödəniləcək qonorarın minimum məbləğləri müəyyən olunmuşdur. Qərarda qeyd olunur ki, satılan bilet əsasında təşkil edilən konsertlərdə müəllif qonorarı satış gəlirinə əsasən hesablanmalıdır.
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən müstəqil müəllif hüquqları üzrə eksperti Zamiq Yunisov deyib:
“Lisenziyasız səhnə icarəsi və bilet satışı qanunsuz fəaliyyətdir”
MHUİB İdarə Heyətinin sədr müavini Zamiq Yunisov məsələ ilə bağlı rəsmi açıqlamasında bildirib:
“Bəzi konsert təşkilatçıları və səhnə sahibləri müəllif hüquqlarını təmin etmədən, yəni MHUİB ilə lisenziya müqaviləsi bağlamadan tədbir keçirməkdə davam edirlər. Qanunvericiliyə görə bu, açıq hüquq pozuntusudur. Hər kəs bilməlidir ki, səhnə icarəyə verildiyi andan, orada ifa olunan musiqi əsərlərinə görə müəlliflərin haqqı ödənilməlidir. Qonorarı ödəmədən səhnəni icarəyə vermək və ya himayə etmək qanunla yolverilməzdir.”
Zamiq Yunisov əlavə edib ki, bu kimi halların qarşısını almaq üçün MHUİB tərəfindən dövlət orqanları ilə birgə nəzarət tədbirləri gücləndiriləcək:
“Satılan hər bilet, səslənən hər mahnı müəllifin əməyidir. Kim bu əməyin qarşılığını ödəmirsə, həm mədəniyyətə, həm də qanunlara hörmətsizlik edir. Biz bu məsələdə qəti mövqedəyik müəllifin haqqı müqəddəsdir.”
Qanuni əsaslar
Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanunu”.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.05.1997-ci il tarixli 38 nömrəli Qərarı və ona edilmiş dəyişikliklər;
“Əqli Mülkiyyət Hüquqlarının Hüquqi Qorunması və Piratçılığa Qarşı Mübarizə Haqqında” Qanun.
Bu sənədlər müəlliflərin və ifaçıların iqtisadi və mənəvi hüquqlarını qoruyur, hüquq pozuntusu hallarında inzibati və cinayət məsuliyyətini nəzərdə tutur.
“Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi bir daha xatırladır ki,
Lisenziyasız konsertlər, müqaviləsiz səhnə icarəsi və ödənilməyən müəllif qonorarları qanun pozuntusudur.
MHUİB bu hallara qarşı hüquqi və ictimai tədbirlər görməyə davam edəcək.
Dəniz Pənahova