Oktyabrın 9-da Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında 12-ci üçtərəfli görüş keçirilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani regionda mövcud hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini, eləcə də hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.
Görüşdə müdafiə sahəsində üçtərəfli əməkdaşlığın bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin, davamlı inkişafın, eləcə də xalqların rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi qeyd olunub.
Tərəflər, həmçinin ölkələr arasında keçirilən üçtərəfli və ikitərəfli birgə təlimlərin vacibliyini vurğulayaraq hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Üçtərəfli görüşün yekununa dair protokol imzalandıqdan sonra media nümayəndələri üçün mətbuat konfransı keçirilib.