Müalicəvi bitki vannalarının əhəmiyyəti nədən ibarətdir və onları necə, nə zaman istifadə etmək olar?
Müalicəvi bitki vannalarının əhəmiyyəti nədən ibarətdir və onları necə, nə zaman istifadə etmək olar?
Həkim-fitoterapevt Elnur Rəhimov TİA.AZ-a deyir ki, bu vannalar çox qədim tarixə və orqanizmin sağlamlığı üçün əvəzedilməz təsirlərə malikdir:” Bu cür müalicə üsulları zamanla öz yerini tutmuş və öz təsirini dəfələrlə təsdiqləmişdi. Belə ki, xoş ətirli vanna çox asan hazırlanaraq tez bir zamanda yorğunluğu götürür, sinir sisteminə sakitləşdirici təsir göstərir, dərini cavanlaşdırır və təmizləyir. Müalicəvi təsirlərə malik olan bitkilər dəridən orqanizmə daxil olaraq sağlamlaşdırıcı təsir göstərir və insanda xoş əhval-ruhiyyə yaradır. Bundan əlavə bitki vannaları insan bədəninə özünəməxsus zərif ətir də bəxş edir.
Vannalardan danışarkən balneologiyanı da unutmaq olmaz. Latınca balneum hamam, çimmə deməkdir. Tibbin bu sahəsi mineral suların fiziki-kimyəvi xüsusiyyətlərini və onun müalicə-profilaktik məqsədlə tətbiqini öyrənir. Balneoloji prosedurlar dərinin reseptorlarını qıcıqlandıraraq həm yerli, həm də orqanizmə ümumi təsir göstərir. Balneoloji vannaların sadə hipertermal, mineral, karbon turşulu, qovuqcuqlu (mirvari), radon və s. növləri mövcuddur.
Gigiyenik və müalicə məqsədilə tətbiq edilən su vannaları ümumi, yerli və yarımçıq olmaqla üç qrupa ayrılır. Ümumi vannalarda baş hissədən başqa bütün bədən suyun içərisində olur, yarımçıq vannalarda isə qurşağa qədər suyun içərisinə girilir. Yerli vannalarda isə bədənin müəyyən nahiyəsi vannaya salınır, məsələn çanaq, əl və ayaqlar. Əllər üçün təyin olunan isti vannalar bronxial astmada, xroniki bronxitdə, qlaukomada, iritdə, rinitdə, qripdə, traxeitdə, ayaq üçün olan soyuq vannalar isə xroniki miqrendə, başgicəllənmələrdə, ümumi zəiflikdə istifadə edilir.
Temperaturu 20°C-dən aşağı olan vannalar soyuq, 35°C-dək olanlar sərin, 40°C-dək olanlar ilıq, 40°C-dən yuxarı olanlar isə isti və çox isti vannalar hesab edilir. İsti vannalar maddələr mübadiləsini sürətləndirir, damarları genəldir. Bu cür vannaları 5 dəqiqədən artıq qəbul etmək məsləhət deyil. Döş qəfəsi sudan nə qədər xaricdə olarsa, ürək bir qədər yüklənməz. İlıq vannalar orqanizmi sakitləşdirir, yorğunluğun qarşısını alır. Bu cür vannaları 15 dəqiqədən artıq qəbul etmək olmaz. Soyuq vannalar dərinin tonusunu artırır, ürək-damar və sinir sisteminin fəaliyyətini stimullaşdırır. Bu cür vanna qəbulu isə 2 dəqiqədən artıq olmamalıdır.
Vannalar tərkibinə görə də təsnif edilir. Sadəcə sudan ibarət olanlar, bitki dəmləməsi və müxtəlif mineral duzlar qatılmış vannalar da mövcuddur”.
E.Rəhimov deyir ki, vanna qəbulu çox xoş bir prosedur olub, həmçinin terapevtik effektə də malikdir: “Vanna qəbulu dərinin solğunluğunun və quruluğunun qarşısını alaraq stress əleyhinə təsir göstərir. Vannanın suyuna müxtəlif komponentlər əlavə edərək ona yüngülləşdirici, tonuslandırıcı, cavanlaşdırıcı, təmizləyici və s. bu kimi effektlər vermək olar. Xalq təbabətində istifadə edilən vannalar daha çox radikulitlərdə, artritlərdə, podaqrada, sinir sistemi xəstəliklərində, kürək, bel və çiyin ağrılarında tətbiq edilir.
İnsan orqanizmində bitkilərin tərkibindəki uçucu fitoüzvi maddələr qoxu üzvü vasitəsilə qəbul edilir. Bu uçucu fitoüzvi maddələrə fitonsidlər, efir yağları, aromatik maddələr aiddir. Bu cür maddələr reflektor biokimyəvi, qoxu-reflektor və qabıq-assosiativ təsirlərə malikdir:
Tonuslandırıcı – razyana, rozmarin, reyhan, quşarmudu
Sedativ – qaraqınıq, şam, lavanda, qızılgül, adaçayı, ətirşah, kasnı, nanə
Adaptogen – sitrus bitkilərinin qabıq və yarpaqları
Hipertenziv – dağ tərxunu, kəklikotu, quşarmudu,
Hipotenziv – lavanda, qurucaotu, sitruslar
Antispastik – sitrusların qabığı, şüyüd, çobanyastığı, lavanda, razyana, nanə
İltihab əleyhinə – çobanyastığı, andız otu, kəklikotu, şam ağacı
Antiseptik – reyhan, çobanyastığı, evkalipt, adaçayı
Yara sağaldıcı – kəcəvər, çobanyastığı, dazıotu, tozağacı, gülümbahar, çaytikanı, qızılgül, lavanda
Kardiotonik – şüyüd, rozmarin, cirə
Kosmetik – yatıqqanqal, gülümbahar, tozağacı, qatırquyruğu”.
Fitoterapevtin vanna reseptlərini təqdim edirik:
Cavanlaşdırıcı köpüklü vanna.
Tərkibi: 500 ml alma sirkəsi, 30 ml şampun / 10-12 dəqiqə.
Dərini hamarlaşdıran vanna.
Tərkibi: 500 qr nişasta, 1 xörək qaşığı şam ağacı ekstraktı /10-15 dəqiqə.
6 bitki vannası. Hərəsindən 100 qr olmaqla lavanda, bədrənc yarpağı, istiotlu nanə yarpağı, rozmarin, kəklikotu, adaçayı bitkiləri qarışdırılır, 3 litr qaynar suda 15 dəqiqə dəmlənilir və vannaya əlavə edilir. Sinir sistemini sakitləşdirir, gərginliyin və yorğunluğun qarşısını alır. / 12 dəqiqə.
Süd-bal vannası.
1.5 litr süd və 3 xörək qaşığı duru bal. / 12 dəqiqə. Dərini tonuslandırır, onu hamar və elastiki edir.
Yulaf vannası. 200 qr yulaf 1 litr suda 4 dəqiqə bişirilərək vannaya əlavə edilir. Dərini hamar və ipək kimi edir. / 10 dəqiqə.
Darçın vannası.
1 ədəd darçın çubuğu, 15 qr mixək 500 ml suda 15 dəqiqə qaynadılıb 1 saat müddətinə dəmlənilir. Gərginliyi azaldır. / 12 dəqiqə.
Yorğunluğu götürən vanna.
Hərəsindən 5 damcı olmaqla çay ağacı yağı, küknar yağı, 3 damcı mərzə yağı, 2 damcı cirə yağı və 100 ml şərab qarışdırılaraq vannaya əlavə edilir. / 10-12 dəqiqə.
Lavanda və səndəl vannası. 6 damcı vanil yağı, 5 damcı səndəl yağı, 4 damcı ətirşah yağı, 1 xörək qaşığı yağlı qaymaq. İnsanın düşüncələrini pozitivləşdirir. /12 dəqiqə.
Ətirli vanna. 2 xörək qaşığı bal, hərəsindən 2 damcı olmaqla adaçayı yağı, jasmin yağı. /15 dəqiqə.
Ardıc vannası. 50 qr ardıc meyvəsi 250 ml qaynar suda 30 dəqiqə saxlanılır, üzərinə hərəsindən 2 damcı olmaqla səndəl və qızılgül yağı əlavə edilir. Stress əleyhinə təsiri var. / 10 dəqiqə.
Vanilli vanna.
8 damcı vanil yağı, 200 ml qaymaq. Yorğun iş günündən sonra belə vanna qəbulu lap yerinə düşər. / 12 dəqiqə.
Kəcəvər vannası. 5 xörək qaşığı kəcəvər kökümsovu 1 litr qaynar suda 10 dəqiqə dəmlənilir. Bu cür vanna bədəni gümrahlandırır, həm də dərini qidalandırır. / 10 dəqiqə
Şam ekstraktlı vanna. 3 xörək qaşığı şam ağacı ekstraktı, 3 damcı evkalipt yağı.
Bədəni bütün gün ərzində gümrah saxlayır. / 10 dəqiqə.
Kəklikotu vannası.
Hərəsindən 100 qr olmaqla dərman xəşəmbül otu və kəklikotu 2 litr qaynar suda 2 saat dəmlənilir. Günaşırı 10 vanna qəbul edilir. / 15 dəqiqə.
“Çeburaşka” vannası.
hərəsindən 40 qr olmaqla qaraqınıq otu, yatıqqanqal otu, dəvədabanı yarpağı, gülümbahar çiçəyi və üçrəng bənövşə otu qarışdırılır. Üzərinə 3 litr qaynar su əlavə edilərək 2 saat dəmlənilir. Körpə uşaqlar üçün 8-10 dəqiqə müddətinə vanna edilir.
“Elegiya” vannası.
hərəsindən 30 qr olmaqla çiyələk və dəvədabanı yarpağı, hərəsindən 50 qr olmaqla qaraqınıq otu və cökə çiçəkləri qarışdırılaraq 4 litr qaynar suda 2 saat müddətinə dəmlənilir. / 10-12 dəqiqə.
Qara çay vannası: 4 desert qaşığı qara çayın üzərinə 250-300 ml qaynar su əlavə edilərək 10-15 dəqiqə dəmlənilir. Belə çay vannası orqanizmi tonuslandırır, dəriyə zəif qaralma effekti verir.
Duz vannası: 1.5 kq dəniz və ya xörək duzu bütün vannaya əlavə edilərək qarışdırılır. Arıqlamaq istəyənlər üçün və dərisində qırışlar olanlar üçün çox effektivlidir.
Yağlı dəri üçün: 4:4:3:2 nisbətində cökə çiçəyi, qaraqınıq otu, dazıotu otu və ardıc meyvələri qarışdırılıb dəmlənilir. / 10-15 dəqiqə.
Quru dəri üçün: ayrıca zəyərək toxumu və aptek çobanyastığı dəmlənilir, bütün vannaya əlavə edilir. / 10-15 dəqiqə.
Həkim deyir ki, isti bitki vannaları istənilən xəstəliklərin kəskinləşmə mərhələsində- onurğa- beyin mayesinin təzyiqinin artması, beyin ödemi, ağcıyərin açıq vərəmində, pnevmoniya, miokardit, miokard infarktı, koronarit, hipertoniya, kəskin flebitlər, qaraciyər sirrozu, trofiki xora zamanı tətbiq edilə bilməz. Ümumiyyətlə, sağlığınızla bağlı heç bir probleminiz olmadıqda belə müalicəvi bitki vannalarını qəbul etməzdən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır.
İlahə