backend

“MTN-in apardığı bəzi cinayət işləri yenidən araşdırılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hüquq müdafiəçisi: “Şübhəli işlərin yenidən araşdırılması lazımdır” 

Hüquq müdafiəçisi: “Şübhəli işlərin yenidən araşdırılması lazımdır”


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli məmurlarının işi üzrə məhkəmə prosesi davam edir. 

Mediaya yol tapan cinayət işi materiallarında MTN zabitlərinin dövlət qulluğu mövqeyindən, vəzifə səlahiyyətləri və dövlətin onlara verdiyi imkanlardan istifadə edərək məmurlara, iş adamlarına qarşı zorakılıq törətdikləri, saxta ittihamlarla həbslər həyata keçirib, işgəncə verdikləri haqda tükürpədici məlumatlar yayılır.

Ancaq maraqlıdır ki, nədənsə MTN-in digər cinayət işləri ilə bağlı hər hansı iş araşdırılmır. Halbuki bu günə qədər dəfələrlə MTN tərəfindən həbs olunmuş bir sıra ictimai fəallar, din xadimlərinin işi ilə bağlı mətbuatda məlumatlar gedib, vəkillərin, məhbus yaxınlarının ittihamları olub. Bu işlərin də yenidən araşdırılması, bu günə qədər aparılan işlərlə bağlı ortaya çıxan çatışmazlıq, saxta ittihamlar olubsa, onlar da üzə çıxarılmalıdır. “Səid Dadaşbəylinin dəstəsinin”, bu yaxınlarda barəsində 10 il həbs cəzası verilmiş QMİ-nin əməkdaşı Elşən Mustafaoğlunun və daha neçə-neçə işlərlə bağlı dəfələrlə mediada şikayətlər səslənib.

Hüquq müdafiəçisi Rəsul Cəfərov bu məsələni yaxın zamanlarda ictimailəşdirəcəklərini deyir. Hüquq müdafiəçisinin sözlərinə görə, bir neçə məhkəmə məsələsi ilə bağlı müraciət edəcəklər.
Hüquq müdafiəçisi deyir ki, ləğv olunmuş MTN-in əməkdaşları ilə bağlı işgəncə maddəsi ilə istintaq açılmayıb: “Digər tərəfdən, fikir verirsinizsə, həbs edilən keçmiş MTN-çilərə qarşı onlarla ittiham irəli sürülüb, istintaqın mövqeyinə əsasən işgəncə və qeyri-insani rəftar halları faktiki təsdiqlənir, amma CM-in müvafiq maddəsi, yəni 133-cü maddə (işgəncə) araşdırılmır. Düşünürəm ki, həm bu, həm siyasi xarakterli işlərin üstünə gedilməməsi siyasi qərardır və hakimiyyət uzun illər ərzində bu halları inkar etdiyindən indi bu işləri araşdırıb faktiki səhv etdiyini etiraf etmək istəmir”.

Rəsul Cəfərov deyir ki, hökumət qəti addım atıb vaxtilə MTN tərəfindən aparılmış şübhəli cinayət işlərinin araşdırılmasına göstəriş verməlidir: “Şübhəli işlərin yenidən araşdırılması lazım idi. MTN işi yaxşı imkanlar açmışdı və əslində hələ də gec deyil ki, bu xüsusatlar araşdırılsın və hakimiyyətin iddia etdiyi kimi, Azərbaycanın həqiqətən də sivil ölkə olduğu sübuta yetirilsin. Təkliflərdən biri də budur ki, DTX-nin hazırkı rəhbərliyinə müraciət edib bu işlərin yenidən araşdırılmasını xahiş etməkdir. Yaxud da prokurorluğa müraciət edib işlərə yenidən baxılmasını istəyəcəyik. Çünki prokurorluğun cəzaların ağırlığı və ya istintaqda yol verilmiş halları nəzərə alaraq yeni açılmış hallar üzrə məhkəmələrə protestlər vermək hüququ var, DTX-də bu yoxdur. Bu səbəbdən də mübahisəli işlərin yenidən araşdırılması üçün əlaqədar dövlət qurumlarına müraciət edəcəyik”.

pia.az