Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş “Süleyman Transport” MMC-nin təsisçisi Fikrət İbrahimov ifadə verib.
O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib.
Fikrət İbrahimov bildirib ki, MTN əməkdaşları tərəfindən külli miqdarda pulu əlindən alınıb: “Dostum vasitəsi ilə tanıdığım Vidadi Hüseynova 300 min manat pul verərək, “Qala” MMC-yə məxsus Quba rayonundakı Vəlvələ çayı üzərində daş karxanasına şərik olduq. 2014-cü ildə Qazaxıstanda olarkən mənə gizli nömrədən zəng gəldi. Özünü Mübariz kimi təqdim edən şəxs MTN-də çalışdığını bildirdi. Mübariz məni təcili MTN-ə çağırdı. Ertəsi gün Qazaxıstandan gələrək MTN-ə getdim. Mübariz mənə Akif Çovdarovun işçisi olduğunu dedi”.
Fikrət İbrahimovun sözlərinə görə, Mübariz ondan “Süleyman Transport” və Qala MMC-nin fəaliyyəti, gəlirləri, direktoru və təsisçiləri haqqında sorğu-sual edib: “Mübariz dedi ki, sizin xarici ölkələrdən yük daşımasında nöqsanlarınız var, cinayətkar fəaliyyət göstərirsiniz. O, həmçinin yükdaşıma şirkətinin sahibi Rəşad Babazadə haqqında mənə suallar verdi. Dedim ki, Rəşad dostumun tanışıdır, 2011-ci ildə mənim yanımda çalışıb, sonra çıxıb gedib, sonrakı fəaliyyətindən xəbərsizəm. Mübariz dedi ki, şirkətinin adını niyə “Süleyman Transport” qoymusan. Çox primitiv suallar verirdi. Mən başladım gülməyə.
Dedi ki, sən bilirsən, hansı təşkilata gəlmisən, sən MTN-in gücünü bilmirsən. Təxminən 1 saatdan sonra Rəşadı da yanıma gətirərək üzləşdirdi. Rəşad da mən deyənləri dedi. Mübariz kiməsə zəng edib otağa çağırdı. Bir müddətdən sonra Akif Əliyev içəri girdi. O, başladı hədə-şantaj xarakterli suallar verməyə. Dedi, işini yoxlatdırıb səni də, Vidadi Hüseynovu da həbs edəcəm. Mübariz məndən izahat almağa başladı, axşam üstü saat 6-da məni dedi, get, səhər 10-da mühasibatlıq sənədləri ilə gəl”.
Zərərçəkmiş əlavə edib ki, həmin gün MTN-dan çıxaraq şəriki Vidadi Hüseynova zəng edib: “Vidadiyə zəng elədim, Almaniyada olduğunu dedi. Dedim ki, MTN şirkətdə yoxlama aparır. O, heç nə demədi. Mübariz 3 gün məni MTN-in binasına çağırdı. İzahatlar aldı. Sonra məni nazirliyinin yanındakı poliklinikanın yanında görüşə çağırdı. Birbaşa məndən 30 min manat pul istədi. Bildirdi ki, pulu verməsəm, məni həbs edəcəklər. Onunla söhbət edib 12 minə razılaşdıq. Ordan çıxıb polis rəisi olmuş dostum Bəhramın yanına getdim. Xahiş etdim ki, pulu verməyə birlikdə gedək”.
Fikrət İbrahimov bildirib ki, səhəri gün MTN-in qabağındakı dayanacağa gəlib: “Mübarizə zəng vurdum, aşağı düşdü. 12 min manatı qəzetə bükülmüş şəkildə Mübarizə verdim. MTN polkovniki Akif Əliyevin məni otağına çağırdığını dedi. İçəri girəndə Akif Əliyev otaqda məni hədələdi. Dedi ki, sənə tapşırmışdıq bizə verdiyin pulun səsi çıxmasın, sən kimsən ki, bu söhbəti yayırsan. Hələ MTN-in adından da istifadə edib dələduzluq edirsən. Akif Əliyev hətta Akif Çovdarovun məndən narazı olduğunu, bütün fəaliyyətimin yoxlanacağını və həbs ediləcəyimi dedi.
Bir neçə gün keçdi. Akif Əliyev yenə məni MTN-ə çağırdı. Dedi ki, Akif Çovdarovun səni bağışlaması üçün 100 min manat verməlisən. O qədər pulumun olmadığını dedim. 50 min manatda razılaşdıq”.
Zərərçəkmiş əlavə edib ki, səhəri gün 40 min manatı birtəhər düzəldib, nazirliyin yanında olan 20 nömrəli məktəbin yaxınlığında Anarla görüşüb: “40 min verərək dedim ki, 10 min əskikdir. Anar zəng edərək məsələni Akif Əliyevə dedi. 10 minə görə bir neçə gün vaxt verdilər. Üstündən 3-4 gün keçmiş Anar yenə zəng elədi, 10 min verməli olduğumu yadıma saldı. Səhər nazirliyin qabağına gələrək, qəzetə bükülmüş şəkildə 10 mini də verdim”.
Fikrət İbrahimov özünü ona Mübariz kimi təqdim edərək birinci dəfə ondan 12 min manat alan şəxsin sonradan nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin 3 şöbəsinin sabiq rəisi Orxan Osmanov olduğunu bilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Akif Əliyev Fikrət İbrahimovuu və onun nazirliyə çağırılmasını xatırlamadığını bildirib.
Akif Əliyev dindirmə zamanı göstərib ki, Fikrət İbrahimov 2014-cü ilin iyun ayında 3-cü idarənin rəisi Rəsul Rəsulov ona nurçuların maliyyələşməsinə köməklik etməkdə şübhəli bilindiyinə görə nazirliyin komendaturasına bir nəfər şəxs çağırıldığını və həmin şəxslə söhbət etmək üçün getməsini tapşırıb: “Mən də komendaturaya getdikdə həmin şəxsin Orxan Osmanovla söhbət etdiyini gördüm. Fikrət İbrahimov Akif Çovdarovla əvvəllər polis orqanlarında bir yerdə işlədiyini dedi. Buna görə Fikrət İbrahimova münasibətim dəyişdi. Bundan sonra Fikrət İbrahimovla bağlı məsələyə qarışmadım”.
Akif Əliyevin sözlərinə görə, 2014-cü ilin dekabr ayında isə Anar Abidov ona Fikrət İbrahimovun MTN-nə dəvət olunduğunu, buna səbəb isə Fikrətin şəriki Vidadi adlı şəxsdən guya əvvəllər MTN-nə verdiyi pulu tələb etməsi ilə əlaqədar olduğunu bildirib: “Bundan sonra Akif Çovdarov da bu məsələ ilə məşğul olmağımı tapşırdı, pasportunda guya saxta giriş-çıxış ştamplarının olmasını dediyi üçün Fikrət İbrahimovun pasportunu yoxladım.
Həmçinin komendaturada Fikrət İbrahimovla söhbət etdim. Fikrət İbrahimovdan əvvəllər kiməsə pul verib-vermədiyini soruşdum. Fikrət heç kəsə pul vermədiyini dedi. Mən də bu barədə Akif Çovdarova məruzə etdim.
Sonradan Anar Abidov Fikrətin öz şəriki ilə razılığa gələrək aralarında olan narazılığı aradan qaldırdıqlarını söylədi. Üzləşmə zamanı həmçinin nə Orxan Osmanovun, nə də Anar Abidovun Fikrət İbrahimovdan pul almasını eşitmədiyimi və bu məsələdən xəbərsiz olduğumu göstərmişəm”.
Proses davam edir.