Moskvadakı “Alıye Parusa”yaşayış kompleksində baş verən partlayış zamanı “DXR” Boks Federasiyasının rəhbəri və “Arbat” batalyonunun yaradıcısı Armen Sərkisyan da binada olub.
Musavat.com “Kommersant”a istinadən xəbər verir ki, Sərkisyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onun mühafizəçilərindən biri isə həlak olub.
RBK da Sərkisyanın ölmədiyini, lakin yaralandığını təsdiqləyib. Bu məlumat əvvəlcə onun öldüyünü bildirən “İnterfaks”ın mənbəsinin dedikləri ilə ziddiyyət təşkil edir.
Sərkisyan Ukraynada “Armen Qorlovski” kimi tanınırdı və kriminal avtoritet hesab olunurdu. O, Maydan hadisələri zamanı “tituşkalar”ın dəstələrini idarə edib və ukraynalı jurnalist Vyaçeslav Veremiyin qətl işi üzrə fiqurantdır.
2014-cü ildən sonra Rusiyanın tərəfinə keçən Sərkisyan Ukraynada cinayət təqibinə məruz qalıb. O, “Arbat” adlı hərbi batalyonun hazırlanması ilə məşğul olub, bu batalyon “Erməni batalyonu” adlandırılır.
Bundan əlavə, partlayış zamanı yaralanan mühafizəçilərdən biri – Oleg Kaspiroviç “Mirotvorets” bazasında yer alan keçmiş hərbçilərdən biridir. O, Krım Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Dəstəsinin keçmiş komandir müavini olub.