Məşhur çeçenəsilli rusiyalı biznesmen Musa Bajayevin oğlu Moskvada insident törədib.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, 23 yaşlı Timur Bajayev iyulun 27-si “Lujniki” stadionunun ərazisində polislərlə dava edib. Nəticədə o saxlanılıb. Rusiya İstintaq Komitəsində onun barəsində cinayət işi başlanılıb.
Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn iddia edir ki, gəncin dalaşdığı şəxslərdən biri Moskva Mərkəzi Dairəsinin Daxili İşlər İdarəsinin ictimai asayişin qorunması şöbəsinin rəisi polis polkovniki Aleksandr Maxonindir.
Onun sözlərinə görə, dava Rusiya Federasiyasının əməkdar artisti Leonid Aqutinin “Lujniki”də konserti zamanı baş verib. Bajayev “Lujniki” idman kompleksinin ərazisinə xidməti girişdən daxil olmaq istəyəndə, Maxonin kütləvi tədbirdən əvvəl nəzarət gücləndirildiyi üçün onu içəri buraxmayıb. Bildirib ki, yoxlanandan sonra o da vətəndaşlar üçün nəzərdə tutulmuş adi qapıdan keçə bilər. Bu zaman T. Bajayev onun formasından tutaraq söyüb, daha sonra üzünə yumruqla vurub. Polkovnikə xəstəxanada bir neçə hematoma diaqnozu qoyulub.
“Sota” teleqram kanalının məlumatına görə, A. Maxonin uzun illər paytaxtın mərkəzində keçirilən kütləvi tədbirlərdə asayişin qorunmasına, o cümlədən etirazların dağıdılmasına şəxsən rəhbərlik edib.
Daxili İşlər Nazirliyi rəhbərliyi məsələni şəxsən nəzarətə götürüb. T. Bajayevi “hökumət məmuruna qarşı zorakılıq tətbiq etmək” ittihamı ilə 10 ilədək həbs cəzası gözləyir.
Musa Bajayev “Ren Tv”yə açıqlamasında oğlunun saxlanılmasından xəbərdar olduğunu, həmçinin istintaq prosesinə qarışmaq fikrində olmadığını bildirib: “Düşünmürəm ki, oğlum hər hansı düzgün olmayan prosessual hərəkətlər edə bilər. Məncə, hər şey yaxşı olacaq. Mən heç nə üçün mübarizə aparmaq fikrində deyiləm. Oğlumun günahı varsa, buna görə cavab verəcək. Əgər yoxdursa, deməli, cavab verməyəcək”.
Qeyd edək ki, M. Bajayev tikinti, neft və tekstil sənayesi ilə məşğul olan “Alyans Qrup” konserninin prezidentidir. O, Rusiyanın ən zəngin iş adamlarından biridir. Üç il əvvəl Bajayev “Forbes”in “Rusiyanın ən varlı iş adamları” siyahısında 156-cı yeri tutmuşdu. Nəşr onun sərvətini 750 milyon dollar qiymətləndirirdi. Ukraynada hərbi əməliyyatların başlamasından sonra Avropa İttifaqı, Böyük Britaniya və Kanada sahibkarı sanksiya siyahısına əlavə edib. Bundan başqa, Fransa hakimiyyəti biznesmenin “Trianon” adlı villasını da əlindən alıb.
***
TASS-ın məlumatına görə, Moskva məhkəməsi Timur Bajayev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.