Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü müzakirə olunmayıb.
Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü müzakirə olunmayıb.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bu gün Moskvada keçirilən görüşdə müzakirə olunmayıb: “Prezidentlər görüşməyə özləri qərar verməlidirlər”.
Nazirlərin Moskva görüşünün necə qiymətləndirilməsi ilə bağlı suala isə E. Məmmədyarov bu barədə məlumatın artıq ümumi bəyanatda əks olunduğunu bildirib:”Görüş barədə Hikmət Hacıyev də məlumat verib. Üçtərəfli görüşün nəticələri barədə biz nazirlər dövlət başçılarına məruzə edəcəyik”.
Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri və ATƏT sədrinin fəaliyyətdə olan köməkçisi Anjey Kaspşik iştirak ediblər.
Saat yarımdan çox çəkən görüşün yekununda birgə bəyanat yayılıb. Bəyanatda aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərin işgüzar görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsinin davam etdirildiyi qeyd edilib, 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar.