Azərbaycanda moped və skuter sürücüləri üçün yeni qaydalar tətbiq olunur. “Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, 3 aydan sonra mühərrikinin həcmi 50 kub santimetrdən artıq və ya konstruktiv maksimal sürəti saatda 50 kilometrdən çox olan mopedləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Yeni qaydaya görə, belə mopedləri idarə edən şəxslər “A1” kateqoriyalı sürücülük vəsiqəsinə sahib olmalıdırlar. Bununla yanaşı, həmin nəqliyyat vasitələrinin rəsmi qeydiyyatı da aparılacaq. Qanun dəyişikliyinin məqsədi yollarda təhlükəsizliyin artırılması və mopedlərin idarə edilməsinə nəzarətin gücləndirilməsidir.
Tribunainfo.az xəbər verir ki, ekspertlərin fikrincə, bu addım həm yol hərəkəti qaydalarının pozulmasının qarşısını almağa, həm də mopedlərlə baş verən qəzalarda məsuliyyətin dəqiq müəyyənləşdirilməsinə kömək edəcək.
Bəs dünyada vəziyyət necədir?
Əksər Avropa ölkələrində bu nəqliyyat vasitələrini sürmək üçün xüsusi “AM” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
Almaniyada 50 cc-dən yuxarı mopedlər üçün “AM” kateqoriyası tələb olunur. 15 yaşdan icazə verilir.
Böyük Britaniyada hər kəs moped sürməkdən əvvəl məcburi təlim (CBT) keçməlidir. Təlimsiz moped idarə etmək qadağandır.
Niderlandda Moped sürmək üçün ayrıca moped lisenziyası verilir. Nəzəri və praktiki imtahan şərtdir.
Avstriyada “AM” kateqoriyalı vəsiqə tələb olunur. 15 yaşdan etibarən əldə edilə bilər.
İrlandiyada Moped və yüngül kvadrosikllər üçün “AM” imtahanı keçirilir. Təlim kursu da məcburidir.
Bu sistem Avropa Birliyinin vahid “Yol Hərəkəti Təhlükəsizliyi Direktivləri”nə uyğunlaşdırılıb. Məqsəd — bütün iki təkərli nəqliyyat vasitələrinin qeydiyyat və nəzarət altına alınmasıdır.
Türkiyədə də oxşar sistem tətbiq olunur. Karayolları Trafik Yönetmeliğinə əsasən, 50 cc-yə qədər olan mopedlər üçün “M” kateqoriyalı sürücülük vəsiqəsi tələb edilir.
Əgər mühərrik həcmi 50 cc-ni keçirsə, sürücü “A1” və ya “A2” kateqoriyalı vəsiqə almalıdır.
Bundan əlavə:
Mopedlər rəsmi qeydiyyata alınır və dövlət nömrə nişanı verilir.
İcbari sığorta tələb olunur.
16 yaşdan yuxarı şəxslər bu nəqliyyat vasitələrini idarə edə bilər.
Türkiyədə son illərdə mopedlərin sayının artması səbəbindən bu qaydaların tətbiqi ilə qəza statistikasında azalma müşahidə olunub.
Gülşən Rəsul