Bir neçə gün əvvəl Ərdəbildə Səfəvilərə dair tədbir keçirərək, Azərbaycan və Türkiyə haqqında hədyan və hərzə danışan, habelə əxlaqsızlıq edən İran mollaları, hansı qələti dartıqlarının fərqinə vardıqdan sonra üzürxahlıq edib, çəkildilər. Lakin molla rejimi görünür, bunu həzm edə bilməyib.
Tribunainfo.az xəbər verir ki, elə bu səbəbdəndir ki, İran başqa bir istiqamətdən Azərbaycan əleyhinə kampaniyaya başlayıb.
Belə ki, İrana məxsus teleqram kanllarında Türkiyə və Azərbaycan əleyhinə çıxışlar aktivləşdirilib. Tehrandakı əmmaməlilərin göstərişi ilə aparılan kampaniya guya, sərhəddə İrana məxsus yük maşınlarının saxlanılması, sürücülərin “təhqir” edilməsindən ibarətdir.
Qeyd edək ki, iki gündür Türkiyə-İran sərhəddində yanacaq kvotası ilə əlaqədar narazılıq yaranıb. Məsələ budur ki, İran yük maşınları Türkiyəyə tərəf keçərək, orada yanacaq satışını həyata keçiriblər. Bu da rəsmi Ankaranın narazılığına səbəb olub. Bundan başqa, İran Türkiyəyə məxsus yük maşınlarına öz ərazisində yanacaq doldurmağa icazə vermir. Bu da bir başqa narazılıq səbəbi olub. Ona görə də, hazırda sərhəddə çoxlu sayda yük maşınlarının dayanmalı olub.
Azərbaycana gəlincə isə İran yük maşınları üçün hər hansı problem yoxdur. Nə yanacaq, nə də yüklərin yoxlanılması prosesində hər hansı dəyişiklik yoxdur.
Lakin İran mollaları Türkiyənin yanında bizi də “tənqid” etməklə yanaşı, həm də adımızı “vandal” qoyub. Guya, Azərbaycan gömrüyündə İran sürücüləri “mütəşəkkil vandalizmlə üzləşirlər”.
Maraqlı məqam odur ki, analoji hadisə Ermənistanla sərhəddə də yaşanmışdı. Bir qədər əvvəl erməni sürücülər narazılıq edirdilər ki, İran tərəfi onların yanacaq almasına mane olur və qadağa qoyub. Hətta bununla əlaqədar sərhəddə erməni sürücülərin etiraz aksiyası da keçirilmişdi. Di gəl, həmin vaxt mollalar məsələni dinc şəkildə həll etmişdilər. Hətta ermənilərə vəd də vermişdilər ki, istənilən qədər yanacaq ala bilərlər.
İndi İran tərəfinin Azərbaycan və Türkiyənin davamlı hədəf alması onların ənənvi xəstəliyinin göstəricisidir. Birincisi, Türkiyə və Azərbaycanın çox yaxın olmasından qıcıqlanırlar. İkincisi, Suriyada ciddi məğlubiyyətə düçar olan İran, Dəməşqdə Bakı ilə Ankaranın bir sıra layihələri birgə həyata keçirəcəyinin “sancısı”nı çəkir. Üçüncüsü, Azərbaycanın İsraillə yaxşı münasibət qurmasıdır ki, Tehran mollaları çoxdan bunun əleyhinədirlər.