Ali məktəblərə qəbulda maksimal bal 700 olaraq hesablanıb. Çox hallarda müşahidə edirik ki, cəmiyyətimiz 700 bal toplayanları ilahiləşdirir, hətta öz övladlarını da həmin şəxslərlə müqayisə edir, onları ən savadlı insan kimi qiymətləndirirlər.
Bu səbəbdən də çoxlarının arzusu məhz maksimal balı toplamaqdır. Amma bəzən görürük ki, abituriyent yüksək bal toplasa belə, sosial cəhətdən, ünsiyyət baxımından zəif olur, özünü ifadəetməkdə çətinlik çəkir. Fənləri yüksək səviyyədə qavrasalar da, ünsiyyət probleminə görə irəli gedə bilmirlər.
Bəs, görəsən, 700 bal həqiqətən də savadlılıq meyarı kimi qəbul edilməlidirmi? Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov AzEdu.az-a açıqlamasında bildirib ki, 700 bal toplamaq hər şey demək deyil:
“Maksimum bal, əlbəttə, abituriyent üçün istədiyi ixtisasa qəbul olmaq deməkdir, amma bu belə hər şey hesab olunmur. 700 bal toplayanın yüksək savada malik olduğunu demək olmaz.
Alimlər, müəllimlər bu il 650,680, eləcə də 700 bal topayan gənclərin 5 ildən sonra harada, nə səviyyədə olacaqlarını araşdırmalıdırlar. Bundan sonra yüksək balın nə demək olduğunu müzakirə edə bilərik.
Valideynin övladının üzərinə düşərək ondan 700 bal toplamasını tələb etməsi düzgün deyil. Uşaq bilikli və savadlı olmalıdır. O, savadlı olduqdan sonra digər şeylər öz yolunu tapacaq. Onları maksimum bal toplamağa məcbur etmək fikri ilə razı deyiləm”.