Yolun Arazdəyən-Sədərək hissəsi də açılmalıdır.
Tribunainfo.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Bu, regionda infrastrukturun açılmasının üzvi davamı və ya başlanğıcı olmalıdır. Elə bir məntiq yoxdur ki, Ermənistanın cənubundan keçən dəmir yolu işləsin, amma Naxçıvan ərazisindən keçən dəmir yolu işləməsin”, – o bildirib.
Mirzoyanın sözlərinə görə, əgər həmin hissə açılmasa, kommunikasiyanın açılması mənasız olacaq və işləməyəcək:
“Gözlənilən budur ki, bu proses eyni vaxtda və paralel şəkildə həyata keçirilsin”.
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş Vaşinqton razılaşmaları ilə kommunikasiyaların genişmiqyaslı şəkildə açılması baş verəcək:
“Ermənistan 30 ildən artıq müddət ərzində blokada şəraitində olub, indi isə iki ölkə razılaşıblar ki, əgər lazım gələrsə, yeni infrastruktur tikərək qarşılıqlı nəqliyyat əlaqələrini bərpa etsinlər”, – o bildirib.
Mirzoyanın fikrincə, mövzu bəzən dar çərçivədə təqdim olunur və yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yolun açılması ilə məhdudlaşdırılır, amma böyük açılım istiqamətindəki səylər, razılaşdırılmış prinsiplər bu məsələni də özündə ehtiva edir:
“Bundan əlavə, həmin əlaqəni təmin edəcək infrastruktur Ermənistan tərəfindən də eyni qaydada istismar olunacaq və istifadə ediləcək”.










