Bu gün millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda İsveçi qəbul edəcək. Artıq qrupda hər şey məlumdur, İsveçi udsaq belə növbəti mərhələyə yolumuz bağlıdır. Bəs indidən sonra nəyə ümid etməliyik? Komandada ruh qalıbmı meydana çıxıb özünü göstərməsi üçün?
Bu suallar ətrafında Ağasəlim Mircavadov fikirlərini bölüşüb. Şöhrət ordenli mütəxəssis Qaynarinfo-ya açıqlamasında komandanın durumunu dəyərləndirib, baş məşqçidən danışıb:
“Nəyə ümid edək? Ümid yaxşı şeydir. Gözləyirəm ki, heç olmasa xal alsınlar. Fikirləşsinlər ki, İsveçdə yaxşı oynamayıblar. Onun əvəzini çıxsınlar. Həmişə təkrar edirəm, bütün yığmaları udmaq olar. Bunun üçün əvvəlcə oyun, onunla yanaşı istək də olmalıdır. Düzgün taktika seçilməlidir. Belə düşünürük ki, onlar ciddi yanaşmır, daha xal lazım deyil. Bu səhv fikirdir. Çünki yığmadır, nəticə tarixə düşür. Ona görə də bütün güclərini ortaya qoyacaqlar. Bizi isə öz komandamız maraqlandırır. O ruhla, istəklə oynaya biləcəklərmi? Uşaqlara həmişə inanıram ki, dəyişəcəklər. Köməklik edəcəklər, bizə kollektiv şəkildə oynamaq lazımdır. Ruh var, sadəcə, qaldırmaq, onunla yaşamaq lazımdır. Burada məşqçilər korpusunun böyük əməyi olmalıdır. Uşaqlara motivasiya verməlidirlər. Bir də ki, təcrübəli futbolçulardan daha çox şey gözləyirəm. Meydanda böyük kimi oynasınlar, bir-birilərinə hörmətlə yanaşsınlar”.
O, De Byaziyə iradlarını daim bildirdiklərini də deyib:
“Sualınızı anladım. Baş məşqçi ilə bağlı çox müzakirələr aparmışıq. De Byaziyə öz iradlarımızı bildirmişik. İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov onunla çox danışıb. De Byazi həmişə gileylənir ki, oyunçuların səviyyəsi aşağıdır. Hətta bir dəfə müsahibəsində demişdi ki, legionerlər çoxdur. Biz hay-küy saldıq ki, legionerlərin sayını artırmaq lazım deyil. Ancaq baş məşqçi danışmadı. Ona birinci gündən hara gəldiyini və futbolumuzun hansı səviyyədə olduğunu bildiyini demişik. O səviyyəyə uyğun olaraq istədiyi maaşı verirlər. Sən hərəkətdə olmalısan. Belə söhbətlərimiz tez-tez olur. Vaqif müəllim həmişə sözünü deyib. İlk vaxtlarda gəlib bizimlə səmimi danışırdı, fikirlərimizi, iradlarımızı bildirirdik. Son günlərdə isə onu görmürük. Oyunçu klubunda bir oyun keçirir, onu yığmaya dəvət edirsən. Belə olmaz. Bir oyunla yığmaya futbolçu dəvət olunmaz. Futbolçu stabil oynamalıdır, məsuliyyət daşımalıdır. Yığma üzvüdürsə, özü həm psixoloji, həm fiziki baxımdan hazırlaşmalıdır. Oyunlarda seçilməlidirlər və biz də baxıb “Bu yığma üzvüdür, yaxşı oynayır” deməliyik. Amma təəssüf ki, deyə bilmirik. Çünki futbolçular klublarda da zəif oynayırlar”.
“İtaliyalı məşqçi bu tsiklin sonunda vəzifəsindən gedəcəkmi” sualını Mircavadov qısaca olaraq belə cavablandırıb:
“Bilmirəm, son vaxtlar onunla görüşməmişik. Rəhbərlikdən asılıdır”.