Vikinqlər Şimali Amerikaya 1000 il əvvəl – Xristofor Kolumbdan yüzlərlə il öncə gəliblər.
Bu barədə ABŞ-ın CBS telekanalında yayımlanan araşdırmada bildirilib.
Tədqiqatçılar Kanadanın Nyufaundlend şəhərindəki tarixi yaşayış məkanında kəsilmiş üç müxtəlif ağacdan üç nümunəni təhlil edərək bu tayfaların bölgəyə gəlişinin tarixini müəyyən edə biliblər.
Tədqiqatçılar vikinqlərin gəlişinin vaxtını müəyyən etmək üçün ağacın radiokarbon tarixindən istifadə ediblər. Araşdırmaçıları maraqlandıran amil 992-ci ilində baş vermiş günəş qasırğasıdır. Günəşin yaydığı nəhəng enerji emissiyaları atmosferə əlavə karbon buraxır və bununla da canlı orqanizmlərdə karbonun həcmini artırır.
Vikinqlərin kəsdikləri odunların içindəki halqalar hələ də qalıb. Kəsilmiş odunlardan biri günəş qasırğasına məruz qalıb və bundan sonra əmələ gələn 29 böyümə halqasına malik olub. Bu da həmin odunun qasırğadan 29 il sonra – 1021 -ci ildə kəsildiyi deməkdir.
Tədqiqatçıların fikrincə, odunlar metal alətlərlə kəsilib ki, o vaxtlar bölgədəki yerli icmalarda belə alətlər olmayıb.
Eyni zamanda, bölgədə o dövrə aid qədim tikililər Skandinaviya, Qrenlandiya və İslandiyada olduğu üslubda tikilib. Məkanda tapılan digər artefaktlar göstərir ki, vikinqlər dəmir və ağacdan əşyalar hazırlayıblar.