Milyonçu qardaşların işində yenilik

Milyonçu qardaşların işində yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi xüsusi əməliyyatla həbs edilən Bahadır və İkram Quliyev qardaşlarının, eləcə də onlarla birgə ittiham olunan digər şəxslərin məhkəməsi yenidən başlanacaq.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna səbəb cinayət işinin başqa hakimlərin icraatına verilməsidir.

Bu iş bir ildən artıq idi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə araşdırılırdı. Lakin məhkəmə istintaqı yekunlaşmağa az qalmış həmin hakimin səlahiyyətlərinə xitam verilib.

Təqsirləndirilən şəxslərdən birinin vəkili Vüqar Əliyevin sözlərinə görə, artıq cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına keçib. Onunla birgə iki yeni hakim də işə qoşulub. Qanunun tələbinə əsasən hakim tərkibi dəyişdiyindən məhkəmə istintaqı yenidən aparılacaq.

Fotoda: Səbinə Məmmədzadə

Yeni tərkibdə ilk iclas noyabrın 13-də keçiriləcək.

Qeyd edək ki, Bahadır və İkram Quliyevlərlə yanaşı, onların əmisi oğlu Fərhad Qasımov, eləcə də işçiləri Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov da eyni iş üzrə mühakimə olunur.

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər Yasamal rayonunda fəaliyyət göstərən şirkətlərində qanunsuz pul köçürmələri ilə məşğul olublar. İstintaqla müəyyən edilib ki, həmin şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Bu məbləğin təxminən 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb. Şirkət vasitəsilə pul köçürən bir neçə şahid ifadələrində oranı “Bahadırın bankı” kimi tanıdıqlarını bildiriblər.

Xüsusilə ağır cinayət əməlinə görə müttəhimlərin 1 milyarda yaxın qiymətləndirilən əmlakları-bahalı evlər, avtomobillər, qayıqlar üzərinə həbs qoyulub.