Xəbər verildiyi kimi, mayın 3-də saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb.
Xəbər verildiyi kimi, mayın 3-də saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən Xəyalə Məmmədovanı vuraraq hadisə yerindən qaçıb.
Bakı şəhər BPİ-dən TİA.AZ verilən rəsmi məlumatda bildirilir ki, dərhal xəstəxanaya yerləşdirilmiş piyada həkimlərin səylərinə baxmayaraq, orada ölüb.
Sabunçu Rayon Polis İdarəsinin və DİN-in “Təhlükəsiz şəhər” xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “Porşe” markalı 99 BS 999 dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş 2001-ci il təvəllüdlü Ağəli Fərəcli müəyyən edilərək saxlanılıb. “Təhlükəsiz şəhər” Xidmətinin həmin ərazidəki kameralarının qeydə aldığı videogörüntülər də hadisənin baş verdiyi zaman sükan arxasında məhz A.Fərəclinin olduğunu təsdiq edir.
Elə həmin gün faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Sahibi olduğu nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını bildiyi halda 16 yaşlı oğlu Ağəliyə verdiyinə görə Bakı şəhər sakini Füzuli Fərəcov barəsində İnzibati Xətalar Məcəlləsinin 335-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmək hüququ olmayan şəxsə verilməsi) maddəsinə əsasən, inzibati tədbir görülməsi haqqında qərar qəbul edilib.
Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.