Azərbaycan Futbol Federasiyası Assosiasiyası portuqaliyalı baş məşqçi Fernandu Santuşu rəsmən millinin sükanı arxasına gətirdi.
Portuqaliyalı baş məşqçinin Azərbaycanda nə qədər qazanacağı böyük maraq doğurur.
Son olaraq “Beşiktaş” klubunda çalışan Santuş uğurlu olmadığı üçün vaxtından əvvəl göndərilib. Türkiyə mətbuatının yazdığına görə, portuqaliyalı “ağ-qaralar”da ilinə 4,5 milyon avro qazanıb.
Santuş Portuqaliya millisində nə az, nə çox, 9,7 milyon avro qazanıb. Amma bu pul ona baha başa gəlib. Portuqaliya mətbuatında daha əvvəl geniş yayılmış xəbərlərə görə, Fernando Santuş Portuqaliya Futbol Federasiyasından aldığı qonorarı aşağı salaraq vergidən yayınmaqda günahlandırılıb. Santuşun 9,7 milyon avroluq illik gəlirini cəmi 60 min avro elan etdiyi və nəticədə Portuqaliya Vergi orqanları tərəfindən 4,5 milyon avro cərimə olunduğu bildirilib. Santuşun “Federasiya ilə aramızda yalnız xidmət modeli müqaviləsi bağlanıb” müdafiəsi ilə bu vəziyyəti yüngülləşdirməyə çalışdığı, lakin sonda cəzanın ödənilməsinə qərar verildiyi bildirilib. İddia olunur ki, o, cəriməni ödəməsə, 2 ildən 7 ilədək həbs cəzası ala bilər.
Santuşun millimizdəki maaşı rəsmi olaraq açıqlanmasa da, təxminən, ilinə 4 milyon avro qazanacağı gözlənilir./Milli.az