Sentyabrın 10-23-də Budapeştdə (Macarıstan) keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.
Teymur Rəcəbovun kapitanlı edəcəyi komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı daxil edilib. Maraqlıdır ki, millinin aparıcı üzvlərindən olan Vasif Durarbəyli siyahıya daxil edilməyib.
Tribunainfo.az xəbər verir ki, qrosmeyster özü də bu məsələyə səssis qalmayıb. Durarbəyli məsələ ilə bağlı sosial media hesabında paylaşım edərək federasiya prezidenti Mahir Məmmədovu günahlandırıb:
“Tənqidi fikirlərimə görə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov məni yığma komandadan kənarlaşdırdı. Reytinq sıralamasında üçüncü yeri tutduğum halda, beş nəfərlik komandaya daxil edilmədim. Ötən illərdə yığmanın oyunçuları reytinq sıralaması ilə seçilirdi. Yalnız 2023-cü ildə ölkə çempionatından vəsiqə verilmişdi, amma bu qayda davam etdirilmədi. Qadınlardan ibarət komanda bu il də sırf reytinq sıralaması ilə qurulub. Fəqət, reytinq meyarı kişi komandasına şamil edilməmişdir. Heyət idarəçinin subyektiv qərarları ilə qurulmamalıdır! İdarəçi obyektiv meyarları öncədən təyin etməli və yığma həmin meyarlarla formalaşmalıdır”.
Durarbəyli qeyd edib ki, Mahir Məmmədov ondan tənqidi müsahibələr verməməyi tələb edib:
“Reytinq, şahmat ictimaiyyəti tərəfindən gücün obyektiv göstəricisi hesab edilir. Yeganə kritika, reytinqin oynamadan belə saxlanılma imkanı idi. Bunun qarşısını almaq üçün federasiya, son Avropa komanda çempionatında bəri azı 18 oyun oynama tələbini qoymuşdur. Mən 18 yox, 40 klassik partiya oynayaraq reytinqimi sabit saxlamışam. Yuxarıda sadalananlar nəzərə alınsaydı, mən komandada qalardım. Əfsuslar olsun ki, cənab Məmmədovun şəxsi qərəzi onun ədalət anlayışını əydi. Cənab Məmmədov məni mətbuata müsahibələr verdiyim təqdirdə əməkdaşlığın kəsiləcəyi ilə hədələmişdi. Azad fikir söyləməyi üstün tutdum. Açığı, əməkdaşlığın bitməsinin yığmaya dəvət edilməyəcəyim mənasına gələcəyini düşünmədim. Reytinqim yüksək olarsa, komandada qalacağımı zənn edirdim”.
Zəka sahibi milliyə hər cür dəstəyi verməyə hazır olduğumu qeyd edib:
“Son may danışığımızda Cənab Məmmədov mənim ictimai çıxışlarımın komandaya çağırılmama səbəbinə eyham vurmuşdu. Bununla belə yaxşı oynayacağım təqdirdə komandaya dəvət ediləcəyimə məni inandırdı. Danışıqdan sonra bir açıq turnirdə qələbə qazandım. Dünən bitən güclü açıq turnirimdə liderlik uğrunda mübarizədə idim. Həmin yarışın bitməsini belə cənab Məmmədov gözləmədən komandanı elan etdi! Görünür son danışığımızdaki vəd baş qatmaqdan başqa bir şey deyildi. 2022-ci ildə komanda ilk olimpiada medallarına çox yaxın idi. Bu il yığmanın tərkibinə daxil olaraq, ilk medalı qazanmaq arzusunda idim. O da cənab Məmmədov bu arzunu nakam qoydu. İstənilən halda yığma komandalarımıza Olimpiada da uğurlar arzu edirəm! Yenə də hər cür dəstəyi verməyə hazır olduğumu vurğulamaq istəyirəm”.