MİLLİ RƏQSLƏRİMİZ NECƏ “ERMƏNİLƏŞİR” -FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin tez-tez bizim mədəniyyət nümunələrimizdən “bəhrə”ləndiyinin şahidi oluruq.
  Ermənilərin tez-tez bizim mədəniyyət nümunələrimizdən “bəhrə”ləndiyinin şahidi oluruq.  Milli  mətbəx, musiqi, rəqslərimiz ermənilərin ən çox müraciət etdiyi sahələrdir. Ara-sıra youtube-da ermənilərin müasir musiqilərini gözdən keçirirəm. Demək olar ki, mahnılarının 90  faizi  bizim, gürcü, türk və kürd musiqisi əsasında formalaşdırılıb. Ermənilər  Röyadan tutmuş, bəyənmədiyimiz  Rəqsanənin mahnılarına qədər  hər şeyi “erməniləşdirib”. Yaxşı ki, youtube-da bizim müğənnilərin klip və konsertlərdən olan görüntülərinin tarixi qeyd olunur. Yoxsa, gələcəkdə bizim müğənnilərin yaradıcılığını da hansısa Manvel, Aşot və ya Aykanuş həyasızcasına mənimsəyərdi. Bu gün bir çox musiqilərimizi oğurlayan ermənilərə isə bunu heç də həmişə sübut etmək olmur. Bu hardasa bizim keçmişdə səhlənkarlığımızın nəticəsidir. Bəli, Azərbaycanın gözəl və qədim musiqi sənəti var. Şərqdə ilk operanın vətəni də buradır. Amma biz öz musiqimizə, mədəniyyətimizə  biganə olmuşuq. Azərbaycanlılar musiqi bəstələyib, şeir yazanda, rəqslərini oynayanda, hiyləgər erməni etnoqraf və aşıqları tamam başqa işlərlə məşğul idi. Komitas, S.Melikyan, Aram Koçaryan, Muşeq Aqayan, Arşak Sarqsyan kimi aşıq və etnoqraflar Azərbaycan və Türkiyəyə səyahət edir, əllərində qələm yerli əhalidən eşitdikləri türk, azərbaycan və kürd mahnılarını nota köçürürdülər.  Sonra nə baş verirdi? Bəli, düşündüyünüz kimi ermənilər həmin mahnıları erməni dilinə tərcümə edərək, özününküləşdirirdi. Məsələn, Türkiyənin Şərqinə yollanan erməni aşıq A. Sarqsyan burda yerli folkloru özü üçün qeydə alırdı. Onun əldə etdiyi məlumatları isə A.Koçaryan və M.Aqayan nota köçürürdü.
Siz şəkillərdə S. Lisianın  “Erməni xalqının qədim rəqsləri və teatr oyunları”(1958-ci il) kitabından qeydləri görürsünüz. Qeyd edək ki, kitabda verilən  “Tənzərə “yallısı Naxçivanda indi də yaşadılır.
“Tənzərə” – Şərur rayonunun Çərçiboğan, Çomaxtur və başqa kəndlərində folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilib.

Müntəzəm rəqs edilən bu yallı,  hərfi mənada “Qızılı tənbətən” deməkdir. Qızıl bəzək-düzəkdən – boyunbağından, muncuqdan, sırğadan, üzükdən və başqa cəvahiratdan nəyi varsa hamısını taxıb oynayan qadınlar əsasən gözəllik və parlaqlığı ifadə edirlər.
Azərbaycan xalqının qədim rəqslərindən sayılan “Tənzərə”nin adı da məhz buradan götürülüb. “Tənzərə” – “yarı zər”, “yarı bəzək-düzək” deməkdir. Babək rayonunun Vayxır kənd mədəniyyət evində fəaliyyət göstərən folklor rəqs kollektivlərinin repertuarında özünə yer alan iki hissəli rəqsi ifaçılar çeçələ barmaqları ilə birləşərək ifa edirlər. Üç addım irəli gedərək sol ayaqlarının ucunu yerə vurur, həmin andan sonra, yenə də sol ayağı irəli atıb bir anlığa onun üzərində durur, üç kiçik addım geriyə hərəkət etməklə ikinci hissədə bir az iti templə birinci hissədən hərəkətlərini təkrar edirlər.
Ancaq uzun zamandır ki, ermənilər bu yallı növünü də toylarında, rəqs müsabiqələrində öz milli folklor nümunələri kimi təqdim edirlər. Və sadə ermənilər də bu öz musiqiləri olaraq qəbul edirlər. Çünki bizdən fərli olaraq, onlar  el şənliklərində daim bu musiqi sədaları altında rəqs edirlər. Azərbaycanda çox nadir hallarda hər hansı bölgənin insanları el yallıları və rəqslərini toylarda səsləndirir. Bu isə gələcək nəslin folklor yaddaşına təsir edir. İnsanlar öz milli musiqisini dərhal hiss etməli, tanımalıdır. Ancaq bu gün gənclərimizin çox az bir qismi  milli rəqslərimizin adlarını sadalaya bilər. Bunun nəticəsidir ki, ermənilər rəqslərimizi çox asan şəkildə “erməniləşdirə” bilir.

NÜŞABƏ
TİA.AZ