Milli Ordunun nüfuzlu zabitləri sanksiya siyahısına niyə salınıb?

Milli Ordunun nüfuzlu zabitləri sanksiya siyahısına niyə salınıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı açıqlayıb. Hesabatla tanış olan zaman sanksiya tətbiq etmək üçün siyahıya salınan Milli Ordunun zabitləri ilə bağlı suallara da cavab tapmaq olur.
Məsələn, hesabatda yazılır: “… 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib”.
General-leytenant Hikmət Mirzəyev və polkovnik Elşən Sanayev kimi nüfuzlu zabitlərin hansı əsassız səbəblərdən sanksiya siyahısına salındığı anlaşılır. Birincisi, təkcə bu fakt göstərir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünün bərpasını və Qarabağın işğaldan azad edilməsini heç vaxt arzulamayıb. Arzulayıbsa da, bunu Ermənistanın tam məğlubiyyəti, Azərbaycanın şəksiz qələbəsi fonunda reallaşmasını istəməyib. H.Mirzəyev döyüş generalıdır, müharibə zamanı və müharibədən sonra öz Vətənini işğalçılardan təmizlənməsinə əvəzsiz xidmətlər göstərib. Əgər H.Mirzəyev bu fakta görə siyahıya salınıbsa, heç bir problem görmürük. Çünki Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, torpaqlarını azad edib. Bütün müharibə cinayətlərini, mülki şəxslərə qarşı hücumları Ermənistan həyata keçirib. İkincisi, xalqın xüsusi sevgi ilə yanaşdığı H.Mirzəyevin siyahıya salınması (insanlar sosial şəbəkələrdə etirazını bildirir) ABŞ-ın ölkəmizdəki “demokratik” imicinə daha da zərbə vuracaq və ABŞ-ın digər məsələlərdə də Azərbaycan qarşısında qaldırdığı tələblərin səmimi olmadığı anlaşılacaq. Üçüncüsü, milli kadrların neqativ obrazının yaradıldığı hesabatın müxalif partiyaların funsksionerləri tərəfindən xüsusi canfəşanlıqla tirajlanması sadəcə təəssüf doğurmur.
Daha sonra hesabatda qeyd olunur:
“Azərbaycanda filial açmaq istəyən xarici QHT-lərə ağır şərtlər qoyulur, onlardan “Azərbaycan xalqının milli və mədəni dəyərlərinə” dəstək verəcəklərinin, dini və siyasi təbliğatda iştirak etməyəcəklərinin nümayiş etdirilməsi tələb olunur”.
Birincisi, təkcə bu fikir (“Azərbaycan xalqının milli və mədəni dəyərlərinə” dəstək verəcəklərinin, dini və siyasi təbliğatda iştirak etməyəcəklərinin nümayiş etdirilməsi tələb olunur”) bəs edir ki, ABŞ-ın Azərbyacandakı planlarının nə olduğunu anlayaq. ABŞ-ın əsas hədəfi xalqın milli-mənəvi dəyərlərini sıradan çıxarmaqdır. Məgər Azərbaycanın ABŞ-ın qrantları ilə nəfəs alan təşkilatlardan milli-mənəvi dəyərlərimizə qarşı hərəkət etməyəcələri ilə bağlı zəmanət istəməsi hüquqi və mənəvi baxımdan doğru deyil? İkincisi, ABŞ nə üçün mənim ölkəmdə “dini təbliğat” aparmalıdır? ABŞ-ın ilkin mərhələdə “dini təbliğat”la soxulduğu İraq, Suriya, Əfqanıstan qan gölünə çevrilib. Ənənəvi dini təriqətlərə qarşı “yeni və radikal cəbhə” açan ABŞ-ın əsas hədəflərindən biri dini sabitliyi pozmaqdır.
P.S. Diqqət ediriksə, Azərbaycanın suverenliyinə qarşı başqa bir ölkədən təhdidlər səsləndiriləndə ənənəvi “dövlətçi”lər aktivləşirlər, amma bu təhdid ABŞ-dan səsləndiriləndə səsləri çıxmır və dövlətçilik məsələləri arxa plana keçir. Niyə?
Samir Feyruzov