“Hər xalqın öz adət- ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət- ənənələrimizlə fəxr edirik”
Heydər Əliyev,
Ümummilli Lider
Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında, onların yad təsirlərə məruz qalmamasında böyük və əvəzsiz xidmətləri olub. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi birinci (1969-1982-ci illər) və ikinci (1993-2003-cü illər) dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində bir çox dövlət səviyyəsində layihələr, proqramlar həyata keçirilib, qanunlaq qəbul edilib. Dilimiz, dini inancımız, adət-ənənələrimiz, tolerantlığımız, milli ideologiya, milli tarix, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, milli musiqimiz qorundu…
***
Mövzu ilə bağlı həmsöhbət olduğumuz jurnalist, publisist Anar Məcidzadənin fikrincə, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev böyük dövlət xadimi olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsində müstəsna xidmətləri olan dahi şəxsiyyətdir. Ümummilli Lider tarix, dil, mədəniyyət və mənəviyyat kimi vacib sahələrə daim böyük diqqət yetirərək, xalqımızın kimliyinin və mənəvi bütövlüyünün qorunmasında mühüm rol oynayıb. Heydər Əliyev Azərbaycan xalqının tarixi yaddaşını, adət-ənənələrini, dini inanclarını və mədəni irsini müasir dövrə daşımaqla bu sahələrin inkişafını təmin edib: “Müstəqil Azərbaycanın qurulmasında və möhkəmlənməsində milli-mənəvi dəyərlərə əsaslanan siyasət mühüm yer tutur. Ümummilli Liderimizin rəhbərliyi ilə milli kimlik hissi gücləndi, dini və mədəni abidələr əsaslı təmir edildi, milli və dini bayramlar – Novruz, Qurban, Ramazan – dövlət səviyyəsində qeyd olunmağa başladı.
Bu gün də Heydər Əliyevin qoyduğu əsaslar üzərində qurulan siyasət davam etdirilir. Onun ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla yaşadılır və inkişaf etdirilir. Fondun fəaliyyəti nəticəsində mədəniyyət, təhsil, tarix və din sahələrində bir çox layihələr həyata keçirilib. Ulu Öndər yalnız dövlət qurucusu deyil, həm də milli-mənəvi yaddaşımızın qoruyucusudur. Onun bu sahədə gördüyü işlər Azərbaycan xalqının tarixində əbədi yaşayacaq və gələcək nəsillər üçün bir örnək olacaqdır”.
***
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyevin fikrincə, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin ömür yoluna və fəaliyyətinə nəzər salsaq görərik ki, xalqına sədaqət və doğma torpağına məhəbbət dahi rəhbərin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Əminliklə deyə bilərik ki, Azərbaycanda elə bir sahə olmayıb ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası ora təsir etməsin. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə milli-mənəvi dəyərlərə böyük önəm verməsi bir çox sahələrdə özünü göstərib. On illərlə bütün şüurlu həyatını Azərbaycanın var olmasına, inkişafına və çiçəklənməsinə həsr etmiş dahi dövlət xadiminin hələ sovet dönəmində xidmətlərinə nəzər salsaq görərik ki, 14 ilə yaxın dövr ərzində Heydər Əliyev Azərbaycana tamamilə yeni nəzərlərlə baxıb və yeni bir Azərbaycan yaradıb. Məhz bu baxımdan ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu təkcə siyasi və iqtisadi sahələrlə məhdudlaşmır. Onun milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər də xüsusi əhəmiyyətə malikdir. Ümummilli Liderimiz Azərbaycanda bütün sahələrlə yanaşı ilk öncə mənəviyyatın yüksəldilməsi, əxlaqi sərvətlərimizin dəyərləri istiqamətində tədbirlər həyata keçirdi. Bununla da mənəviyyat sahibləri-elm, ədəbiyyat və incəsənət adamları cəmiyyətdə üstün mövqeyə malik oldular. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin ən mühüm istiqamətlərindən biri onun milli şüurun, özünüdərkin və azərbaycançılıq məfkurəsinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlər təşkil edirdi. Belə ki, Heydər Əliyev siyasəti azərbaycançılıq ideologiyası, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşmasına yönəlik dəyərli işləri əhatə etdi. Bu baxımdan Sovet imperiyasının xalqların milli dəyərlərini sıxışdırdığı bir dövrdə əsası Ulu Öndərimiz tərəfindən qoyulan azərbaycançılıq ideologiyasının bu illərdə formalaşması dövlətçiliyimizin və milli özünüdərkin formalaşması baxımından olduqca böyük əhəmiyyət kəsb etmişdir. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.
Dahi şəxsiyyət hər zaman xalqın milli kimliyinin əsasını təşkil edən dil, din, adət-ənənə, tarix və mədəniyyət kimi dəyərləri hər zaman yüksək dəyərləndirib. O, milli ideologiyanın formalaşmasında bu dəyərlərin əsas dayaq nöqtələri olduğunu bildirmiş və siyasətini bu istiqamətdə qurub. Ulu Öndər dəfələrlə qeyd edib ki, “Milli-mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının müqəddəs borcudur.”
***
S.Baxşıyev deyir ki, Sovet imperiyası dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan müstəqilliyin ilk illərində özünün tənəzzül dövrünü yaşayırdı. Məhz xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin sayəsində bütövlüyümüz, həmrəyliyimiz və dövlətçiliyimiz daha da möhkəmləndi. Eyni zamanda xüsusi olaraq qeyd etməliyik ki, intibah və milli şüurun oyanışı da məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Dahi liderin çoxşaxəli fəaliyyətində azərbaycançılıq ideologiyasının inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi davam etdirildi.
“Sevindirici haldır ki, Ulu Öndərin bu müdrik siyasəti hazırda Möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirilən layihələr, qəbul edilən qərarlar və dövlət proqramları bunun bariz nümunəsidir. 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatları nəticəsində milli suverenliyimizin tam bərpası və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq və abadlıq işləri Möhtərəm cənab Prezidentin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ən böyük xidmətidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər milli birliyin və vətənpərvərlik ruhunun möhkəmlənməsinə mühüm töhfə verir”.
O, vurğulayıb ki, hakimiyyətdə olduğu dönəmlərdə Ümummilli lider H.Əliyevin təşəbbüsü ilə məscidlərimiz, kilsələrimiz, dini abidə və ibadətgahlarımız yenidən bərpa edildi, yeniləri inşa edildi, milli bayramlarımız dövlət səviyyəsində qeyd edildi, ziyalılarımızın yubileyləri dövlət səviyyəsində qeyd edildi, dilimiz, dinimiz qorundu, milli ideologiyamızın əsas tərkib hissəsi azərbaycançılıq məfkurəsi yarandı…
***
Jurnalist Alim Hüseynli isə deyib ki, milli dəyərlərimizin qorunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun fikrincə, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə vəziyyətin çox gərgin olmasına baxmayaraq milli kimliyimiz, soykökümüz, tariximizin qorunmasında, itib-batmamasında sözün əsl mənasında böyük fədakarlıq göstərdi: “Tarixi milli bayramlarımız qorundu, milli mədəniyyətimiz inkişaf etdi, dinimiz qorundu, dini ibadət yerlərimiz bərpa olundu, nəinki islam dini, qeyri-islam dini konfessiyaların fəaliyyətinə geniş imkanlar açıldı, onların da ibadətgahları dövlət səviyyəsində təmir edildi, yeni sinaqoqlar tikildi, müstəqilliyimizi yenidən əldə edəndə cəmi 17 məscidimiz vardı. Amma ümummilli lider xalqın tələb və təkidi ilə Azərbaycana yenidən hakimiyyətə qayıtdıqdan sonra dni ibadətgahlarımızın və abidələrimizin bərpası sürətləndi. Məsələn, Sovet rejimi tərəfindən dağıdılan Bibi Heybət məscidi və ziyarətgahı Heydər Əliyevin əmri ilə dövlət hesabına yenidən inşa edildi. Ümummilli lider bütün milli , dini bayramlarda şəxsən özü iştirak edirdi. Hər il Novruz bayramında ümummilli lider Bakının Gənclər meydanında – Qoşa qala qapısı önündə Novruz şənliyində iştirak edərdi, xalqa bayram təbrikini çatdırardı, sakinlərlə görüşərdi, Təzə Pir məscidində keçirilən dini mərasimlərə qatılardı, aşıq yaradıcılığına, folklorumuzun inkişafına böyük önəm verərdi. Ümümmilli liderimiz mədəniyyətimizin qorunması, dünyada təbliği istiqamətində böyük nəticələrə imza atıb, ədəbiyyat, incəsənət sahəsinin inkişafı da, dünya şöhrətli ədiblərimizin yubileylərinin keçirilməsi, adlarınını əbədiləşdirilməsi də ümummmilli liderin adı ilə bağlıdır. Milli ruhun, milli şüurun simvolu olan azərbaycançılıq ideologiyası, məhfumu da ümummilli liderin adı ilə bağlıdır ki, bu gün bütün dünya azərbaycanlıları onun ideyaları ətrafında birləşib, ona sədaqətlə xidmət edir…”
…Unutmamalıyıq ki, milli-mənəvi dəyərlərimiz varlığımız, milli kimliyimizdir.
Fuad Hüseynzadə
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması” layihəsi çərçivəsində hazırlanıb və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər