“Xalqımızı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirəm. Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla, Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”.
Tribunainfo.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu deputat Tənzilə Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Millət vəkili Siyavuş Novruzov isə həmkarının fikirlərində yanlışlıq olduğunu deyib: “Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verdi”.
Müzakirəyə spiker Sahibə Qafarova da qoşulub: “Çıxışlarda bəzi nöqsanlar olur. Burada olan çıxışlarda da bəzi nöqsanlar oldu”.
Spiker S.Novruzova xitabən “Mən sonra sizinlə ayrı bir məsələni də danışacağam”, – deyə əlavə edib.