Milli Məclisdə büdcə müzakirələri BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Məclisin növbədənkənar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsinə başlanılıb. 

Bu gün Milli Məclisin növbədənkənar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsinə başlanılıb.

 

TİA.AZ xəbər verir ki, layihə barədə məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2017-ci ilin yenilənmiş dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2%-ni təşkil etməklə, mütləq ifadədə 16 766 mln. manat həcmində proqnozlaşdırılır.

 

Bu da ilkin proqnozla müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur.

 

Yeni büdcənin xərclərinin isə 1 041 mln. manat artırılaraq 17 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcə xərclərinə nisbətən 6,2% çoxdur.

 

Bu ilin dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2 383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat və ya 9 dəfə artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.

Yenilənmiş dövlət büdcəsində kəsirin təsdiq olunmuş göstəriciyə nisbətən 530 mln. manat və ya 82,2% artırılaraq 1 175 mln. manat çatdırılması nəzərdə tutulub ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in 1,8%-nə bərabər olacaq.

Büdcə gəlirlərinin Mərkəzi Bankın mənfəətinin 250 mln. manatlıq bir hissəsinin büdcəyə alınması, Vergilər Nazirliyinin xətti ilə əlavə 135 mln. manat, Gömrük Komitəsi vasitəsi ilə isə 50 mln. manat əlavə vəsaitin büdcəyə cəlb edilməsi və s. mənbələr vasitəsilə təmin edilməsi nəzərdə tutulur.

 

Büdcənin artan xərcləri daha çox sosial xarakterli tədbirlərə və bank sahəsində yaranmış problemlərin yumşaldılmasına yönəldiləcək. Burada qazın qiymət fərqi ilə bağlı Dövlət Neft Şirkətinin (SOCAR) ziyanını qarşılamaq üçün 250 mln. manat, lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının artırılmasına 546 mln. manat və s. bu kimi xərclər xüsusi yer tutur. Qeyd edək ki, Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 mln. manat olacaq, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 mln. manat və ya 14,1% çoxdur.

İcmal büdcə xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7% və ya 1 051,0 mln. manat artırılaraq 29 818,2 mln. manata çatdırılması nəzərdə tutulur.