backend

MİLLƏT VƏKİLİ: “İNSANLAR BAYRAM ƏHVALINDA DEYİL. ÇÜNKİ…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Novruz  bayramı yaxınlaşdıqca insanlar bu bayrama böyük bir həvəslə hazırlaşır.  

Novruz  bayramı yaxınlaşdıqca insanlar bu bayrama böyük bir həvəslə hazırlaşır. 



Xüsusilə, Novruzun maraqlı adət-ənənəsi hər kəsin bayram əyləncəsi hesab edilir.

 

Bəs görəsən, bu gün ictimai-siyasi həyatda öz aktivliyi ilə seçilənlər Novruz adət-ənənələrindən hansını xatırlayır.  


Millət vəkili  Çingiz Qənizadə TİA.AZ-a uşaqlıq illərini xatırlatdı: “Uşaqlıqda papaq atmışam və içinə hədiyyə qoyanda sevinmişəm. O vaxt indikinə baxanda papaq atmaq abırlı idi. Biz 2-3 nəfər toplaşıb bir papaq atardıq. İndi bir uşağın əlində 4-5 papaq olur. Qapının zəngini basıb, dalbadal papaqlar atırlar. Cəmiyyətdə çox şey cılızlaşdığı kimi bu bayramla bağlı atılan tədir addımlarında da görürük ki, cılızlaşdırılıb. Bizə hər çərşənbə günü 5-10 nəfər papaq atır. Onların biri bir neçə dəfə papaq atır, bu keçən il də belə olmuşdu. Yaşadığımız ərazidə yerli camaat çoxdu. Uzun illərdi burda Bakı camaatı yaşayır. Yəni adət- ənənənə qorunub saxlanılıb. Bina evində yaşayanlarda isə fərqli olur. Bəzən papaq da atan olmur”.

İnsanlarda bayram əhval- ruhiyyəsinin olmamasına toxunan Ç. Qənizadə hesab edir  ki, indiki insanlar ancaq bahaçılığı düşünürlər: “Hər şey bahalaşıb. Təəssüf ki, bizim “vicdanlı işbazlarımız” da həmişə belə bayram günlərində qiymətləri qaldırırlar. İşə gələ-gələ otellərin qiymətinin qalxdığını müşahidə etdim. Qarşıdan yay gəlir, insanlar istirahətə gədəcək. Xaricə gedə bilməyən insanlar rayonlara dincəlməyə üz tutacaqlar. Otellərin qiyməti niyə qalxdı? Bunu anlamıram. Çünki xaricdən gətirilən nə varsa, vaxtilə gətirilib. Bazarlarda da qiymət od tutub yanır, qiymətə nəzarət zəifdi. İnsanlarda da məhz buna görə bayram əhval- ruhiyyəsi yoxdur”.

Çingiz Qənizadə milli bayram olan Novruzu öz evində qeyd edəcək: “Həmişə olduğu kimi, bayramdan 1-2 gün əvvəl rayona anamı, bacılarımı, qohumlarımı ziyarətə gedəcəm. Sonra Bakıya qayıdıb, ailəmlə birgə hər il olduğu kimi evdə bayramı qeyd edəcəm. Mən bütün bayramları ailə üzvlərimlə birgə qeyd edirəm. Belə bir bayramda bəziləri deyir ki, mən ailəmlə restorana gedib orda qeyd edəcəm. Evdə plov hazırlanıb, şirniyyat bişməlidir. Bu proses bizim evdə xanımlar tərəfindən 1-2 gündür həyata keçirilir. Bax bu, bayram əhval- ruhiyyəsidir. Yoxsa restorana adi gündə də getmək olar. Hesab edirəm ki, bu cür milli bayramlarımızı hər bir şəxs öz ailə üzvləri ilə,  yaxın qohum -qardaşları ilə birgə bir süfrə arxasında qeyd etsələr daha yaxşı olar. Bizim gənclər, azyaşlılar, nəvələrimiz maraqlananda bu adət-ənənə nə ilə bağlıdır. Onlara izah etmək lazımdır ki, bu bizim milli bayramımızdır və bunu qoruyub saxlamaq lazımdır”. 

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bayramla bağlı adət-ənənələrimizi yaxşı yaşadığını xatırlatdı: “Yumurta döyüşdürməyən insan yoxdur. İstər kişi, istər qadın, istər uşaq olsun. Hətta dünən mən nəvəmlə yumurta döyüşdürmüşəm. Onlar çox ləzzətli vaxtlar idi. Heyf ki, o vaxtları qaytarmaq mümkün deyil. Ancaq papaq atmamışam. O vaxtlar belə adət yox idi. Onda hamının evində hər şey var idi və heç kim də heç kimə papaq atmırdı. Hərə anasınıın bişirdiyi şəkərburadan, paxlavadan, qoğaldan dostlarına verirdi. Onlar da həmçinin bizə verirdi və belə dequsdasiya edirdik”. A.Əlizadə Novruz bayramını həmişəki kimi ailəsi ilə evdə qeyd edəcəyini bildirdi. 

 

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev isə bayramda papaq atmaq adəti barədə bu fikirləri səsləndirdi: “Azərbaycanın elə bir bölgəsində böyüyüb başa çatmışam ki, istər Novruz bayramı, istər qədim türk adət-ənənələri həmişə ən yüksək səviyyədə sevilib seçilənlərdən olub. Biz papaq atmaqla məşğul olmamışıq. Papağın atılmağını mən birinci dəfə Bakıda görmüşəm ki, papağı kiminsə qapısına atırlar. Papağı bacadan sallayardılar. Papaq müsəlman kişisinin qeyrəti- namusu sayılırsa, onu qapılara necə atmaq olar? Məhz ona görə də bacadan salllayardılar. Qapılara gedib döyüşlər-döyüşlər oxuyardıq. bizə pay verərdilər. Sonra lopa atardıq, tonqal qalayardıq. Hətta çillələrdə, Xıdır Nəbi gələndə Azərbaycanın o bölgəsinin gözəl ənənəsindən biri olan qovut  hazırlanırdı. Bütün bunların hamısını mən uşaqlığımın, gəncliyimin keçdiyi Tovuzda yaşamışam”.

A.Nağıyev bu il də hər il olduğu kimi, Novruz bayramını qeyd etmək üçün Tovuza getməyi planlaşdırır: “Öz ailəmlə bir yerdə atamın yanında qeyd edəcəm. Bir daha öz uşaqlığımı, gəncliyimi yada salmaq üçün həmin yerlərdə olacam”. 

Millət vəkili Zahid Oruc Novruz xatirələrini belə bölüşdü: “Sovet dövründə bayramlar imperiyanın əsas rəhbərləri tərəfindən demək olar ki, qadağan edilmişdi. Ancaq bununla bərabər Azərbaycanda xalq səviyyəsində bu cür mühüm milli bayramlar qorunub saxlanıb, qeyd edilirdi. Bayrama cəmiyyətdə böyük bir maraq var idi. Ona hazırlıq, onu birgə qeyd etmək ənənələri formalaşmışdı. Uşaqlıqda keçirdiyim Novruz bayramını xüsusi olaraq  yaxşı xatırlayıram. Hər 4 çərşənbənin hər birini şagird olaraq qeyd etmək üçün bizim də öz aləmimiz var idi. Bu müxtəlif  formalarda həyata keçirilirdi. Yəni təkcə papaq atmaq deyildi. Yumurta döyüşü onun ən adi, ən sadə hissəsi idi. Xüsusi güc göstərişi, rəqabət və s. hamısı həmin bayramlar dövründə həyata keçirilirdi. O zaman insanların o mərasimlərdə iştirak səviyyəsi, ruhi halı daha fərqli idi. Bəlkə də o qadağan elementinə görə idi- demək çox çətindir. İnsan yaşa dolduqca ictimai həyata fərqli nəzərlərlə baxır. Bayramlar mahiyyətcə dəyişir. Bütövlükdə götürəndə bizim üçün uşaqlığımızın ayrılmaz hissəsini, o ruhi dünyamızın qayalarına yazılmış hissəsini o bayramları necə qeyd etməyimiz tuturdu. Əgər bu gün keçmişi nostalji hissi ilə xatırlayırıqsa, mütləq ilk olaraq bayramları qeyd etdiyimiz düşüncələrimizdə canlanır. Bayrama aid olan atributların hamısını yaşamışıq, içərimizdə qalan o tonqalı, hələ də onun istisini hiss eləməkdəyik”.

 Papaq atmayan, tonqal qalmayan məkanlar var

“Zaman özünün korreksiyalarını aparır, insan düşüncələri dəyişir. Həyatda münasibətlər yenilənir. Bu, təkcə sosial amillərə bağlı deyil. Düşünmürəm ki, adamlar belə sayırlar ki, qapılardan kimsə boş qayıdacaqlar. Şəhər mühiti, iri meqalapolislər, burada insanların bir-biri ilə yaxın ünsiyyət əlaqələrinin olmaması səbəbindən ola bilər. Bəzən bina evlərdə bir blokda yaşayan insanlar illərlə bir-birini tanımırlar, sadəcə formal salamlaşma edirlər. Bu səbəbdən düşünürəm  ki, bayramların mahiyyəti dəyişir. Düzdü, onun köklü, əsas prinsipləri yenə də hansısa mərkəzlərdə, təşkilatlarda, qurumlarda, kitablarımızda saxlanılır. Bununla bərabər başa düşmək lazımdır ki, min illərdi yol alıb gələn bayramlar hansısa bir dövr, başqa bir zamana nisbətən az entuziazm ilə, az enerji ilə qeyd olunmağından asılı olmayaraq, itməyəcəkdir. Onu bötüvlükdə milli həyatdan sıxışdırıb, çıxarmaq çətin olacaqdı. Amma nəinki, Novruz bayramı, eləcə də digər bayramlara münasibətdə də cəmiyyət həyatında tam fərqli münasibətlər yaranır və bu məsələ Azərbaycanda deyil, dünya çapında belədir. Ümumiyyətlə, informasiya kütəsinin yeni texnologiyanın, yeni kommunikasiya vasitələrinin bütün başqa sistemləri, istər milli arxetik, milli adət-ənənələr üstələyir, onu işğal edir, onu qarşısına alıb aparır. Qlobal dünya çapında tamam fərqli bir vətəndaş formalaşır, onun həyata baxışı qətiyyən xəlqi, milli xarakter daşımır. İmam Əli (ə.)məşhur bir sözü var: Adamlar öz ata-babalarından çox, öz zəmanələrinə oxşayırlar.

Dünya insanının obrazını, portretini çıxartsaq görərik ki, çox qəribədir ki, bu günku insan daha çox sosial şəbəkələrin övladıdır. Orda həyatını qurur, orda formalaşır, ordan dünyaya baxır. Gələcək insan kimi, qədim ənənələr əsasında qurulmur.  Unudulmadan daha çox, yeni dünya nəzəriyyələrinin, siyasətlərinin, həyatın hər bir məkanında, hər bir ölkədə öz inikasını, əksinin necə tapır, onun nəticəsində də Azərbaycanda vətəndaş ona necə reaksiya verir? Bax, burda əsas düyün nöqtələrini axtarmaq lazımdır”.

İlahə