“Bu il Azərbaycan üçün mühüm hadisələrlə, uğurlarla yadda qaldı”. Trubinainfo.az-a 2024-cü ilin yekunlarını qiymətləndirərkən millət vəkili Məşhur Məmmədov belə deyib. Deputat ilk növbədə əldə edilən uğuru Qazağın işğal altında olan 4 kəndinin qaytarılması sayır. Onun sözlərinə görə, ilk dəfə Ermənistanla sərhədin bu hissəsində delimitasiya və demarkasiyası işləri aparıldı. Məşhur Məmmədov növbəti önəmli tarixi hadisəni sülhməramlı qüvvələrin Qarabağdan gedişi hesab edir: “Bu da cənab prezidentin yürütdüyü doğru siyasətin, Rusiya ilə olan əlaqələrin nəticəsidir. İki ölkənin ali rəhbərləri razılaşdılar ki, rus hərbçilərin Qarabağda qalmasına ehtiyac yoxdur, münaqişə başa çatıb. Azərbaycan da onların gedişi ilə bağlı təntənəli mərasim təşkil etmişdi”.
Millət vəkili Ermənistanla danışıqlarda irəliləyişi, sülh mətnində 15 bəndin razılaşdırılmasını ikitərəfli müzakirələrin bu il üçün mühüm nəticəsi kimi görür. Deputatın fikrincə, ilin yaddaqalan və uğurla nəticələnən iki hadisəsi isə prezident və parlament seçkilərinin keçirilməsi oldu. Məşhur Məmmədov hər iki seçkilərin azad, şəffaf, xalqın iradəsinə söykənən şəkildə keçdiyini bildirdi. Deputatın sözlərinə görə, xalq Prezidentinə inanır, etimad göstərir və bu da seçkinin nəticələrində öz əksini tapdı. Millət vəkili əlavə etdi ki, hər iki seçkinin özəlliyi həm də Xankəndidə, Şuşada, bütün Qarabağda səsvermənin keçirilməsi idi. Məşhur Məmmədov hesab edir ki, ilin növbəti möhtəşəm hadisəsi BMT – nin İqlim Dəyişikliyi konfransının Azərbaycanda keçirilməsi, tədbirin yüksək səviyyədə təşkili və bütün dünyanın diqqətinin Bakıya olması idi: “Baxmayaraq ki, bir sıra bədxah qüvvələr, anti-Azərbaycan mərkəzlər, erməni lobbisinə bağlı dairələr əleyhimizə kampaniya apardı, boykot çağırışları etdilər, amma Azərbaycan möhtəşəm COP29 keçirdi, hər kəs təsdiqlədi ki, qısa müddət buna hazır olmaq heyrətamizdir, çünki vaxt az verilmişdi, məsələn, Dubayın daha çox hazırlaşmağa vaxtı olmuşdu. Ona görə Azərbaycan bir nümunə qoydu və konfrans uğurlu keçdi, Azərbaycan dünyaya bir mesaj verdi. Hesab edirəm ki, bu da dövlətimizin uğurlarından biridir”.
Məşhur Məmmədovun sözlərinə görə, təəssüf ki, ilin sonuna sayılı günlər qalmış təyyarə hadisəsi baş verdi, vətəndaşlarımız həlak oldu, bu faciə hamımızı, xalqımızı sarsıtdı: “Təbii ki, ilboyu bu uğurların davamını istəyirdik, əvəzində başımıza bir faciə gəldi. Amma Azərbaycan dövləti bu istiqamətdə sona qədər bütün addımları atdı. Əvvəla, mən həlak olanlara başsağlığı verirəm, yaralılara şəfa diləyirəm. Hadisəyə gəlincə, cənab prezident səfərini
yarımçıq qoyub geri qayıtdı, dərhal müşavirə keçirdi, dövlət komissiyası yaradıldı, bir günlük matəm elan edildi, zərər çəkənlərin ailələrinə dövlət yardım etdi, Qazaxıstana nazirlər göndərildi, Türkiyədən araşdırma qrupu gəldi, ən yüksək səviyyədə bu işlə bağlı addımlar atıldı. Nəhayət, son olaraq Rusiya prezidenti Azərbaycanın dövlət başçısına zəng edərək üzrxahlıq bildirdi. Bu da Azərbaycan ictimaiyyətinin gözlədiyi reaksiya idi. İndi biz istintaqın nəticələrini gözləməliyik, iş artıq mütəxəsisslərə aiddir. İnanıram ki, səbəblər tam aydın olacaq, məsuliyyəti olanlar cəzasını alacaq”.
Məşhur Məmmədov ilin yekunları ilə bağlı onu da qeyd edib ki, sosial-iqtisadi vəziyyətin yaxşılaşması üçün bir sıra addımlar atılır. Millət vəkili minimum əmək haqqının və pensiyanın 400 manata çatdırılmasını prezidentin əhalinin rifah səviyyəsinin yaxşılaşması üçün atdığı mühüm addım kimi qiymətləndirir. Onun sözlərinə görə, ölkədə iş yerləri açılır, sahibkarlığa şərait yaradılır, Qarabağda quruculuq işləri gedir, büdcəmiz sosialyönümlüdür, müdafiə xərclərinə də xüsusi diqqət yetirilir, çünki Ermənistan revanş arzularından əl çəkməyib, silahlanır. Məşhur Məmmədov sonda qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Azərbaycan xalqını və prezidentini təbrik edib, hamıya uğurlar arzulayıb.