Fazil Mustafa: “Bunu görəsən hansı qüvvə uşaqlarımız üçün yenidən canlandırıb?”
Millət vəkili Fazil Mustafa 23 fevral- Sovet ordusunun yaranma ildönümünün Azərbaycan məktəbliləri arasında yenidən bayram kimi qeyd olunmasına etiraz edib.
Musavat.com xəbər verir ki, F.Mustafa bununla bağlı sosial şəbəkədəki statusunda yazıb. Statusu təqdim edirik: “Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç sovetlər barədə, onun ordu və donaması barədə təsəvvürləri də yoxdur, sadəcə bu tarixi 8 martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar. Yaşadığımız xeyli axmaq adətlərə İslam dini deyib illərlə, hətta indiyədək toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyümüzə soxdullar, bizlərsə mahiyyəti barədə düşünmədən razılaşdıq. Doğrudanmı məktəblərdə oğlanların bayramı deyəndə heç olmazsa uşaqlara başa salan yoxdur ki, sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün görəsən hansı qüvvə yenidən canlandırıb?”
Musavat.com xatırladır ki, son bir neçə ildə, ələxüsus da bu il Bakı məktəblərində 23 fevral “oğlanların bayramı” kimi qeyd edilir. Həmin tarixdə əksər məktəblərdə qızlar öz oğlan sinif yoldaşlarına hədiyyələr alırlar. Bunun səbəbini isə əsasən 26 iyunda – Milli Ordunun yaranma ildönümündə yay tətilinin olması ilə izah edirlər.
Bununla bağlı redaksiyamıza müraciət edən valideynlər Təhsil Nazirliyi səviyyəsində məsələyə müdaxilə edilməsini və bu ənənənin yekunlaşdırılmasını tələb edirlər.