Millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb. Mərhumənin yaxınları bildiriblər ki, Qənirə Paşayeva bu gün saat 10:00-da Heydər məscidində cənazə namazı qılındıqdan sonra İkinci Fəxri Xiyabanda dəfn olunacaq. Tribunainfo.az yazır ki, bütün ölkə ona sayğı və ehtiramını ifadə edən statuslar paylaşır. Onun əsl millət vəkili, xalqını sevən, dərdinə yanan, köməksiz insanların işinə yarayan, darda olanların dadına çatan olduğu vurğulanır, yüksək insani keyfiyyətləri, vətənpərvərliyi qeyd edilir. Tanınmışlardan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu yazıb ki, bu dünyadan bir Qənirə Paşayeva keçdi: “Dövlətinə, Millətinə, Vətəninə bağlı bir türk övladı!
Çox çalışdı, amma heç zaman özünə işləmədi. Savab qazandı. Dua aldı!
Halalı olsun!
Allah o dünyasını versin!
Allah rəhmət etsin!”
Deputat Fazil Mustafa qeyd edib ki, bu axşam acı xəbər hamımızı pərişan etdi: ” Azərbaycanın fədakar övladı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, əziz Qənirə xanım Paşayeva dünyasını dəyişdi. Qənirə xanıma Allahdan rəhmət diləyir, əzizlərinə və onu sevən minlərlə Azərbaycan insanına başsağlığı diləyirəm. Dostlarının, həmkarlarının xatirəsində unudulmayacaq bir iz buraxdı, dövlətimiz və millətimiz üçün gördüyü işlər hər zaman rəğbətlə anılacaqdır. Ruhu şad olsun!”
Digər həmkarı Etibar Əliyev də geniş status paylaşıb. O deyib ki, Qənirə Paşayevanın Nobel mükafatı laureatları ilə maraqlandığını bilirdi:. Ona “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabımı hədiyyə edəndə kitabdakı qadın laureatları saydı. Və qısa zaman kəsiyində 1903-2009-cu illər ərzində Nobel mükafatına layiq görülən 36 qadın laureatın ömür yolu, elmi fəaliyyəti və yaradıcılığından bəhs edən gözəl bir kitab yazdı. Qənirə Paşayeva biliyə və öyrənməyə can atan bir xanım idi. Bəlkə də Nobel almaq istəyi var idi. Onun tükənməz enirjisinə hamı qibtə edirdi.
Gün ərzində 10-larla problemin həlli ilə məşğul olurdu. Yorulmurdu. İctimai mənafeni şəxsi mənafedən üstün tutması onu yormurdu”.
“Əli və Nino” kitab evinin sahibi Nigar Köçərli: “Əziz bacım, səndən ikincisi heç zaman olmayacaq… Qəlbimizdə daim yaşayacaqsan”