Xətai Rayon Məhkəməsində SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Fidan Abbasovaya qarşı mülki iddiasına baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orxan İsmayılzadənin Fidan Abbasovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair mülki iddiası rədd edilib. Belə ki, M.İsmayılovun oğlu F.Abbasovanın onun barəsində şəxsi həyata dair məlumatlar yaymaqla nüfuzunu ləkələdiyini bildirib və 100 min manat təzminat tələb edib. Lakin Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə iddia rədd edilib.
Qeyd edək ki, Fidan Abbasova bir neçə ay əvvəl mediaya müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənib.
F.Abbasova açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib. Bildirib ki, vəkil vasitəsilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.