backend

Mikayıl Cabbarov əmr verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılacaq. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılacaq.



TİA.AZ xəbər verir ki, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Əmrdə göstərilir ki, hazırda İdarənin nəzdindəki Metodik Mərkəzin fəaliyyəti təhsilin inkişafı strategiyasından irəli gələn istiqamətlərin dəstəklənməsi baxımından aktuallıq kəsb etmir və ümumtəhsil məktəblərinin zəruri ehtiyaclarını ödəmir.

Bu baxımdan təlim-tərbiyə prosesinin müasir dövrün tələbləri səviyyəsində təşkili və idarə olunması, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi, gənc müəllimlərlə işin təşkili və s. istiqamətlər üzrə mentorluq dəstəyinin göstərilməsi zəruridir.
Dünya ölkələrinin uğurlu təcrübəsi göstərir ki, məktəblərə mentorluq dəstəyi həm fənn əsaslı, həm də təlim prosesinin hər bir komponenti nəzərə alınmaqla təşkil edilməlidir. Bu sahədə müasir yanaşmaları nəzərə alaraq ümumtəhsil müəssisələrinə göstərilən mentorluq dəstəyinin məzmunu və təşkilati-struktur forması dəyişdirilərək daha səmərəli modeli yaradılmalıdır.

Əmrə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodik Mərkəzi ləğv ediləcək və mövcud əməkhaqqı fondu çərçivəsində 79 ştat vahidi ilə Təlimə Dəstək Mərkəzi yaradılacaq.

BŞTİ-yə tapşırılıb ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsi ilə birlikdə sərbəstləşən işçilərin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində mövcud imkanlar daxilində müvafiq işlə təmin edilmələri istiqamətində zəruri tədbirlər görülməlidir.

Metodik Mərkəzin inventar və avadanlığı Təlimə Dəstək Mərkəzinin istifadəsinə veriləcək. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.