MİDA MMC-nin Hövsan qəsəbəsində reallaşdırmaq üçün elan etdiyi tender ikinci dəfə ləğv olunub.
Tribunainfo.az xəbər verir ki, Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti bu dəfə MİDA ilə bağlı protokol tərtib edib. Rəsmi qaynaqlarda qeyd edilir ki, dəyəri 731.068,32 manat olan müqaviləyə əsasən MMC Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılmasını satın almaq istəyib. Analoji istəklə MİDA sentyabrda da çıxış etmişdi. Lakin həmin vaxt dövlət xidməti MMC-nin tender şərtlərinin düzgün olmadığını və qiymətin süni şəkildə şişirdildiyini əsas gətirərək, tenderi ləğv etmişdi. Dünən AİİBNX yenidən qanunun tələbinin pozulmasını və qiymətin süni şişirdilməsini əsas tutaraq, MİDA-ya protokol tərtib edib.
Güman edilir ki, AİİBNX MİDA ilə bağlı tədbir görülməsi üçün lazimi qurumlara müraciət edəcək.