Xəbər verdiyimiz kimi, bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi evlərin online satışı baş tutub.
Satış prosesində heç bir texniki problem olmasa da, bir çox istifadəçi mənzillərin satışa çıxarılan kimi tükəndiyini bildirib.
Tribunainfo.az xəbər verir ki, MİDA-nın onlayn satışında müşahidəçi olan ekspert Osman Gündüz proses zamanı canlı yayımın həyata keçirilməməsinin doğru hesab etmədiyini bildirib:
“MİDA yenə canlı yayım təşkil etməmişdi.
Bəzi məqamları mən canlı yayımda göstərməyə çalışdım. 13 mindən çox iddiaçı aktiv görsənirdi.
İlk mənzil seçimi 27-ci saniyədə baş tutdu. İştirakçıların bəziləri ilk seçimin 29-cu saniyədə olduğunu bildirdilər. Xatırladıram ki ötən dəfə ilk seçim 31-ci saniyədə baş tutmuşdu.
DEMO ilə real satış modulu gözlənildiyi kimi fərqliydi. MİDA seçim prosesində olan CAPTCHA -nın (6 rəqəmli kod) həm mahiyyətini, həm də yerlərini dəyişmişdi”.
O.Gündüzün sözlərinə görə MİDA-nın növbəti satışı ciddi fəsadlar olmadan yekunlaşıb:
“Daha dəqiq məlumatları MİDA-nın yekun rəsmi məlumatından, log faylların açıqlanmasından sonra qeyd etmək mümkün olacaq. Yeri gəlmişkən, artıq ikinci satışdır ki, MİDA Ernst&Young beynəlxalq auditor şirkətinin xidmətlərindən istifadə etmir. Güman ki, kritik informasiya infrastrukturun təhlükəsizliyi ilə bağlı dəyişikliklərdən sonra bu məsələlərə DTX nəzarət edir. Satış prosesini RİNN, DTX, XRİTDX, mobil operatorlar, magistral provayderlər və s. qurumların nümayəndələri real vaxtda izləyiblər”.
Qeyd edək ki, bu gün eyni zamanda Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçim prosesinə başlanılıb.
“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 3 avqust 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.