“Məlum olduğu kimi, iyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1189 mənzilin seçim prosesi başa çatıb. Ötən il olduğu kimi, bu dəfə də narazılıqlar var. Şikayətlərin ardı-arası kəsilmir. MİDA tərəfindən şəffaflığın təmin edilmədiyini deyən iştirakçıların çoxu videofaktlarla aidiyyəti dövlət qurumlarına müraciət edəcəklərini bildiriblər. Bu, onu deməyə əsas verir ki, yenə də müəyyən dələduzluq halları olub”.

Bu fikirləri Bakupost.az -a hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, yeni informasiya texnologiyalarının düzgün tətbiqi zaman belə dələduzluq halları dərhal aşkara çıxır:
“Bu, bir daha göstərir ki, biz hökumətdən bütün sahələrdə şəffaflığın, informasiya texnologiyalarının tətbiq olunmasının tələb etməkliyik. Qanun-qayda şəffaflıq tələb edir, bunlar da öz savad, bacarıq və qabiliyyətlərinə görə tam oğurluq edə bilmirlər. Hər şey dərhal ortaya çıxır. Hesab edirəm ki, MİDA-da ciddi kadr dəyişikliyi aparılmalıdır. Özü də vaxt itirmədən. Narazılıqlar çoxdur. Eyni zamanda onun fəaliyyətinə nəzarət edəcək İctimai Şura yaradılmalıdır. İctimai Şura MİDA-nın fəaliyyətinə nəzarət etməlidir. Baş verənlər onu göstərir ki, bu gün doğurdan da MİDA-nın fəaliyyətinə ciddi şəkildə nəzarət yoxdur. Nəzarət olmadıqca da belə hallarla hələ çox rastlaşacağıq”.