Mi-8-i Ukraynaya qaçıran rus pilot detalları danışdı və ruslara müraciət etdi (VİDEO)

Mi-8-i Ukraynaya qaçıran rus pilot detalları danışdı və ruslara müraciət etdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna kəşfiyyatı rusiyalı pilotun Mi-8AMTSh helikopterini Ukraynaya necə qaçırdığını təsvir edən “Rusiyanın düşmüş pilotları” adlı sənədli film yayımlayıb.
Qaynarinfo xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatı “Titmouse” kod adlı xüsusi əməliyyat keçirib. 28 yaşlı rus kapitan Maksim Kuzminov Rusiya ordusunun aviasiyasının 319-cu əlahiddə helikopter alayında – Primorsk diyarında daimi dislokasiya məntəqəsi olan 13984 saylı hərbi hissədə xidmət edən vertolyot komandiri olub. Filmdə o, əməliyyatın təfərrüatlarını danışıb.
“Ukrayna kəşfiyyatının nümayəndələri ilə əlaqə saxladım, vəziyyətimi izah etdim. Mənə təhlükəsizlik zəmanətləri, yeni sənədlər, pul kompensasiyası, əmək haqqı təklif edildi. Biz detalları müzakirə etdik və birbaşa uçuşumu planlaşdırmağa başladıq”, – Kuzminov deyir.
Onun sözlərinə görə, hərbi kəşfiyyat təhlükəsiz dəhliz təşkil edə bilib. “Başa düşdüm ki, sərhədin yaxınlığındayam, yəni yerimi onlara ötürdüm. Radio-sükut rejimində həddindən artıq aşağı hündürlükdə uçdum. Heç kim baş verdiyini bilmədi. Görünür, 3-4 gün nə baş verdiyini heç kim anlamadı. Uğurla uçub, yerə endim”, – deyə pilot əlavə edib.
Kuzminov deyib ki, o, təcavüzkar müharibəyə qarşı olduğu və hərbi cinayətlərdə iştirak etmək istəmədiyi üçün bunu edib.
“İndi baş verənlər sadəcə Ukrayna xalqının soyqırımıdır: həm ukrayna, həm də rus xalqının. Mənim hərəkətimin əsası bu cinayətlərə töhfə verməməkdir. Bunun necə bitəcəyini çox yaxşı bilirəm: Ukrayna mütləq bu müharibədə qalib gələcək. Çünki xalq çox həmrəydir. Bütün dünya kömək edir, çünki başa düşür ki, ilk növbədə insan həyatını dəyərləndirmək lazımdır… heç kim bu müharibəni istəmir”, – zabit əlavə edib.
O, digər rus pilotlarını da eyni şeyi etməyə çağırıb. “Heç peşman olmayacaqsınız. Sadəcə rənglər dünyasını kəşf edəcəksiniz. Və unutmayın: siz sadəcə çox şey bilmirsiniz, başqalarının necə yaşadığını görməmisiniz. Həqiqətən nəyisə kəşf edəndə kökündən dəyişəcəksiniz”, – o deyib.
Xatırladaq ki, avqustun 23-də KİV-də Rusiyaya məxsus Mi-8-in Ukrayna hərbi bazasına enişi barədə məlumat yayılmışdı.
Ukrayna kəşfiyyatı bunun xüsusi əməliyyat olduğunu bildirib – rusiyalı pilot könüllü olaraq helikopteri qaçırıb, bundan əvvəl ailəsi sakitcə Rusiyadan çıxarılıb.
Rusiya hərbiyönlü kanallar bunu təkzib etməyə çalışaraq, guya ekipajın ailələri ilə əlaqə saxladıqlarını təmin ediblər.