Məzar daşlarındakı diri təbəssümlər – Şəhidlər Xiyabanından REPORTAJbackend

Məzar daşlarındakı diri təbəssümlər – Şəhidlər Xiyabanından REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İki ildir getmədiyim Şəhidlər Xiyabanına getmək indi daha çətin idi. Amma “bu qədər eqoistlik nəyə lazımdır. Getməlisən” dedim özümə. Mənim baxmağa dözə bilməyəcəyimi düşündüyüm dərdlə qol-boyun yaşayan insanlar var orada.
Uzun incə yol…
Səhərin ala-qaranlığında çıxdığım yola günəşlə birlikdə çatdıq. Mən ora çatanda artıq başımın üstündəki yaydan qalma günəş bütün hərarəti ilə Xiyabanı qucaqlamışdı. İki ildir gəlmədiyim üçün İkinci Fəxri Xiyabanda təzə şəhidlərin ünvanını tapa bilmirdim. 90-cı illərin şəhidlərinin məzarları arasında dövr edirdim. İtiyi olan adamlar kimi sağa-sola boylanıdım. Təmizlik işləri görən qadına yaxınlaşıb yavaş səslə “Bağışlayın, təzə şəhidləri harda dəfn ediblər” deyə soruşdum. Qadın mənə yolu göstərdi. Şam ağaclarının arxasına doğru sürüşən günəşin önümdə canlandırdığı kölgəmlə birlikdə addımlayıram qadının tərif etdiyi istiqamətə doğru. Bayraqaların vüqarla dalğalandığı o yerə gəlib çatanda hiss etdiyim qürur ürəyimə sığmırdı.
Qəribə aurası var Şəhidlər Xiyabanının. Burda uyuyan heç kim ölü deyil. Məzar daşlarına həkk olunmuş təbəssümləri diridir.
Günlərdən cümə günü olduğu üçün xiyaban analar, atalar, bacılar, ataları şəhid olanda hələ ana bətnində olan körpələrlə dolu idi. Əlbəttə, qədirbilən xalqımız da onları burda tək qoymur. İnsanlar dəstə-dəstə məzarların arasında dolanır, dualar oxuyur. Ara-sıra hıçqırıq səsləri eşidilir. Yaxınlaşıb soruşuram: “Şəhidin yaxınısınız?”
Başları ilə “yox” deyirlər. O an dərk edirəm ki, deyildiyi kimi atəş heç də təkcə düşdüyü yeri yandırmır. Bu gün bütün Azərbaycan atəş yeridir.
Qapının ağzında olan payız fəsli Şəhidlər Xiyabanına uğramayıb hələ. Hər tərəf al-əlvan güllərə, çiçəklərə bürünüb. Adama elə gəlir bura ilin bütün fəslində günəş düşür.
Siz heç bayraq səsi eşitmisniz? Burda bayraqların çırpıntısından doğan səs Azadlıq nəğməsi oxuyur sanki.
Sinəsində bayraq gəzdirən şəhid
İnsanın ürəyini dağlayan hekayələrlə doludur Şəhidlər Xiyabanı. İgid balalarını bu torpağa verdikdən sonra havalanan analardanmı danışım, övladının şəhid olma xəbərinə dözməyib ürəyi partlayıb ölən atalardanmı?
Şəhid ailələrinin həyat hekayələri bir-birinə bənzəyir. Xasiyyətləri də, arzuları da, təbəssümləri də taleləri kimi eynidir. Həyatda da, məzarda da qonşu olan şəhidlər var burda.
Baş leytenant Rzazadə Həsənin məzarı önündə ayaq saxlayıram. Gənc bir qız da var məzarın önündə. Gah gülləri sulayır, gah bayrağı düzəldir, gah sinə daşının üstündəki çiçəklərin yerini dəyişir. Bir neçə dəqiqə onu izləyirəm. Göz yaşları mirvari dənələri kimi yanağından süzülüb məzarın üstündə iz salır. Amma qız gülümsəyərək, nə isə pıçıldayır. Doğma adam olduğu çox bəllidir. Düz təxmin etmişəm. Şəhidin əmisi qızıdır bu qızcığaz. Bu il ali məktəbə qəbul olub və bu sevincini əmisi oğlu ilə bölşümək üçün gəlib. Həsənin hekayəsini ona bacı əvəzi olan İlqarədən öyrənirəm.
“Həsəngil dörd qardaşdılar. Biz çox yaxın əmiuşağı olmuşuq. Həsən çox fərqli idi digər qardaşlarından. O biri qardaşları deyib-gülən olsalar da, Həsən çox ciddi idi. O evə gələndə hamımız ondan çəkinərdik. Şəkil çəkdirməyi heç sevməzdi. Onunla hərbi geyimdə şəkil çəkdirmək üçün ilan dili çıxarardıq, amma yenə razı sala bilmzədik. Atası evləndirmək istətyirdi, hər dəfə deyirdi ki, “Mən şəhid olacam, camaatın qızını niyə alıb bədbəxt edim”. Müharibə başlamamışdan 3 ay əvvəl ona bir qız göstərmişdik. Bir az razı olan kimi oldu, görüş təyin etdik qızla görüşsün deyə. Fikrindən daşınıb getməmişdi görüşə”.
İlqarənin danışdıqca səsi titrəsə də, Həsəndən bəhs edərkən gözlərinin içi gülürdü. İlqarəyə bərk-bərk tapşırıb ki, mütləq ali məktəbə qəbul olsun. Bu onun İlqarə ilə bağlı ən böyük arzusu olub.
Əslən Zəngilan rayonundan olan Həsən 1994-cü ildə Sumqayıtda hərbçi ailəsində doğulub. Vətən sevgisi ilə böyüyüb. Müharibə başlayanda Həsən arxa cəbhədə olsa da, öz istəyi ilə onu ön cəbhəyə keçirirlər. Lakin onun ön cəbhədə düşmənlə üz-üzə vuruşduğundan ailəsinin xəbəri olmur. İlqarə deyir ki, ölümündən sonra onlara gəlib çatan bir video var. Orada döyüş yoldaşları onu videoya çəkəndə əli ilə üzünü tutub deyir ki, “Çəkməyin, anam-atam burda olduğumu bilmirlər”.
Zəngilan uğrunda döyüşlərdə şəhid olan Həsənin döş cibindən Azərbayacan bayrağına bükülü bir kağız tapırlar. Kağızda bu sözlər yazılıb: “Ölsəm, bu bayrağı Zəngilandan asın”. Döyüş yoldaşları onun son arzusunu yerinə yetirir. Zəngilandan asılan bayraq Həsənin döş cibindəki həmin bayraqdır.
İlqarə ilə sağollaşıb digər şəhidləri ziyarət etmək üçün Həsənin məzarı ilə vidalaşıram.
Əsrimizin Mixaylosu…
Əslində hər şəhid məzarı öz hekayəsini danışır. Onların hamısının hekayəsi eyni yerdən başlayır. Vətən sevgisindən.
Xiyaban Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirindəki qadınlarla doludur. Məzar daşlarına sarılan bu gənc qadınların daş qucaqlayan vaxtı deyil axı, İlahi!
Qara paltarlı qadınlardan birinə yaxınlaşıram. Məzar daşını silir, öpür, sığallayır. Gözlərində günəş ölüb sanki. Nitqim tutulur. Heç nə soruşa bilmirəm. Məzarın ayaq başında bükülən başqa bir qadın da var. Pıçıltı ilə, qorxaraq soruşuram: “Yaxınısınız?” “Anasıyam”, – deyir. Məzarı öpən qadına baxdığımı hiss edir:
“Yoldaşıdı. Gəlinimdi. İki ildi bu daşla danışırıq bala. Ağırdı, çətindir”.
Banklardan birində kredit mütəxəssisi işləyən Mixail Həmidov elə yenicə Migəçevir filialına müdir təyin olunmuşdu. 2020- ci ildə müharibə başlayanda ehtiyatda olan baş leytenant kimi müharibəyə çağırılır. Anası deyir, çağırış vərəqi gələn kimi uça-uça cəbhəyə yollanıb.
“Gedəndə yanında sadə telefon götürdü. Dedi, ana, narahat olma, tez-tez əlaqə saxlayacam. Müharibənin qızğın vaxtlarında bacısı zəng vurub soruşub ki, hardasan, ay Mixail. Deyib narahat olmayın, Ana Vətənin qoynundayam”.
Mixaildən 3 övlad yadigar qalıb. İndi ailənin çiyinlərinə oğul dərdinin yükü ilə birlikdə, həm də 3 uşağı atalarının yoxluğuna alışdırmaq yükü də yüklənib. Mixail şəhid olandan bir neçə gün sonra anasının yuxusuna gələrək üç övladını və həyat yoldaşını ona tapşırıb:
“Şəhid olandan sonra yuxuda gördüm. Gördüm eyvanın altında dayanıb evə baxır. Soruşdum ki, nə istəyirsən, ay Mixail, su verim? Başı ilə dedi, yox. Əlini qaldırıb dörd barmağını göstərib gülümsədi”.
Nüsrət ana deyir ki, iki ildir nəinki uşaqlar, elə özləri də Mixailin həyatda olmadığını unudurlar bəzən:
“Unuduruq onun dünyada olmadığını. Bir də görürsən günorta yemək bişirəndə Mixailin xoşladığı yeməyi bişirirəm. Elə bilirəm gələcək. Süfrəyə çaşıb yeddi boşqab qoyuruq. Sonra da ayılırıq ki, axı Mixail gəlməyəcək. Balaca övladı kimsə ata çağıranda diksinir. Gözü dörd olur, bala. Onların o halını görmək ürək istəyir. Hərdən deyirəm, mən necə ölmürəm bu dərdlə? Sonra da deyirəm, yəqin Allah məni onun balalarını böyüdüm deyə yaşadır”.
Anası Mixaildən danışdıqca məzar daşından onun məmnun təbəssümünə sataşır gözüm. Bir anlıq adama elə gəlir ki, o bizi dinləyir. Anası deyir, bütün bölgələrin ləhcəsində danışardı Mixail:
“Cəbhə yoldaşları ona Mixaylo deyirdi. Onun haralısan sualından xoşu gəlmirdi.Ona bu sualı verənlərə əsəbləşirdi. Bütün dostları, hərbçi yoldaşları bu gün də deyir biz sona qədər Mixailin əslən hansı rayondan olduğunu bilmədik”.
Vətəni bölməyən, bütöv sevən Mixailin ən böyük arzusu Vətəni bütöv görmək olub. Anasına son sözü: “Biz Vətən torpağını da, özümüzü də torpağın üstündəki düşməndən qoruyuruq, onları məhv edirik. Amma göydən gələndən qoruya bilməsəm, məni bağışla, ana”.
Bu hekayələri dinləmək onları yaşamaq qədər ağırdır, çətindir. Bəzi şəhidlərin sinə daşlarına onların son sözləri, bəzilərinə son mesajları, bəzilərinə öz yazdıqları şeirlər həkk olunub, kimisinin də məzarı üstünə arzularını ifadə edən simvolik əşyalar, heykəlciklər, maketlər düzülüb. Bir şəhidin məzarı üzərinə uğrunda şəhid olduğu Şuşa və Laçın torpağı qoyulub.
Danışan məzarlar
Kapitan Vüqar Nəcəfovun sinə daşında yazılan son mesajı xüsusilə təsirlidir:
“Hamınız çox sevirəm. Özünüzdən muğayat olun. Gedirik qəhrəman olmağa. Zəng vurmayın. Qəlbimdəsiniz”.
Kapitan Ülvi Hüseynovun cibindən çıxan qeyd dəftərçəsində yazdığı son qeydi:
“İndi bir çoxları isti yerində, bəziləri televizora baxır, bəziləri yatıb. Biz isə çöldə ağacların xəzəlləri, bir də sumkasında daşıya biləcəyi bir-iki əşya. Həmin əşyalarla qızınırıq. Yağış yağsa da, şeh düşsə də, onun Vətən sevgisi, onun torpaq sevgisi… Öz doğma torpağımızdır qızdırır onu. Üşümür, inan, heç kim üşümür. İnşallah, hamı bütöv evə qayıdar, heç bir ananın gözü yaşlı qalmaz. Allah şəhidlərimizə rəhmət eləsin. Qisas yerdə qalmayıb və qalmayacaq”.
Bu sözləri yazandan 9 gün sonra, şanlı qələbədən bir gün əvvəl özü şəhid düşüb Ülvi.
Körpə sədaları ilə aşıb-daşan xiyabanda gələcəyin əsgərlərini görürəm. Onların əllərindən tutan anaların nigaran baxışları boş məzar yerlərinə zillənib. Pıçıltılarını eşidirəm: “İnşallah, o məzarlar elə boş qalar”.
Əsgər marşı oxuya-oxuya xiyabanda aşağı-yuxarı qaçan balaca oğlanı dindirirəm. Adı Rəşaddır bu igidin. 7 yaşı var. Deyir, mən böyüyəndə əsgər olacam. Bir az aralıda diqqətimi başını aşağı salıb toppuş əlləri ilə ağ vərəqə nə isə yazan qız uşağı çəkir. 8 yaşlı Leyla şəhidlərin adlarını bir-bir əlindəki kağıza yazır… Səbəbini soruşuram. Deyir, onları unutmamaq üçün adlarını əzbərləyəcək.
Hardasa bir yerdə oxumuşdum ki, “qəhrəmanlarını unudan xalq gələcəyini qucaqlaya bilməz”. Kim deyibsə, çox dəqiq ifadədir. Bu gün bura gələcəyini qucaqlamaq üçün gələn uşaqlarla, gənclərlə doludur.
Dörd bir tərəfi düşmənlərlə əhatələnmiş odlar yurdu tarixin hər dövründə işğal təhülkəsi ilə qarşı-qarşıya gəlib. Amma hər dəfə ayaqlarına taxılan zəncirləri parçalayıb atıb bu vətən. Əlbəttə, bu dik duruşunu, azadlığını bağrından çıxıb, yenə onun üçün torpağa düşən övladlara borcludur Vətən. Təkcə vətən torpağı deyil, o vətən torpağının üzərində yaşayan hər kəs, başını yastığa rahat qoymağı, küçələrdə hür dolaşmağı şəhidlərə borcludur. Bu borc ödənməyən borcdur. Müqəddəsdir, əbədidir.
Ruhunuz şad olsun, şəhidlər!
BakuPost