Vaşinqtonda keçirilən son görüşdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan hələ də həllini tapmamış məsələlərin əhatə dairəsini daraldıblar.
Tribunainfo.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
“Biz sülh yaxındır deyəndə, onların bir sıra məsələlərdə ciddi irəliləyiş əldə etdiyini nəzərdə tuturuq. Hətta son görüş zamanı həllini tapmayan məsələlərin əhatə dairəsini daraltdılar. Beləliklə, hesab edirik ki, həll edilməli olan məsələlərin sayının azaldığını nəzərə alsaq, razılaşma yaxındır”, – Metyu Miller bildirib.
Diplomat vurğulayıb ki, sülh razılaşmasına nail olmaq üçün hər iki tərəf güzəştə getməyə hazır olmalıdır.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti danışıqlara gəlincə, Miller qeyd edib ki, hələlik belə bir görüşün keçirilməsi nəzərdə tutulmur.