Mətbuat Şurasının sədri təhdid edilən jurnalistin müdafiəsinə qalxdı: “Qanunlara ziddir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub
 Xəbər verdiyimiz kimi tanınmış jurnalist, köşə yazarı Seymur Verdizadə bir neçə gün əvvəl “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunub. Bununla bağlı açıqlama verən S.Verdizadə yazı dərc olunandan sonra Daşkəsən rayon icra başçısı Əhəd Abıyevin yaxınları və müavinləri tərəfindən təhqir edildiyini, ailə üzvlərinin təhdid olunduğunu bildirib.

TİA.AZ xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da icra başçısının yaxınları tərəfindən təhqir olunan jurnalistin müdafiəsinə qalxıb. Belə ki, o tənqidlərə dözümsüz yanaşaraq jurnalisti təhqir etdirən icra başçısını qınadığını və bunun qanunlara zidd olduğunu bildirib: “Jurnalistin yazdığı yazıya görə təhqirə, hədə-qorxuya məruz qalması əsla yolverilməzdir. Belə xoşagəlməz hərəkət dövlət məmuru və ona yaxın çevrə tərəfindən həyata keçirilibsə, ancaq təəssüf doğura bilər. Bunu təsadüfən bildirmədim. Baxıram jurnalist Seymur Verdizadənin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhəd Abıyev və ona yaxın çevrə tərəfindən təhqirlərə, hədə-qorxulara məruz qaldığına dair məlumatlar yayımlanmaqdadır və qarşı tərəfin əks aqrument ortaya qoymaması məsələni həqiqət kimi qəbul etməyə əsas verir.

Bir daha bildirirəm ki, jurnalistin yazdığı yazıya görə təhqir olunması, hədələnməsi həm davranış qaydalarına, həm də qanunlara ziddir. Jurnalistin fikrini qəbul etməmək, ona sivil qaydada etiraz bildirmək olar. Çox istərdim ki, buna xüsusən dövlət qurumlarının təmsilçiləri həssas yanaşsınlar. Bu həssaslıq yalnız etik məsələ deyil, eyni zamanda idarəçilik bacarığı və qabiliyyətidir”.