Azərbaycan Mətbuat Şurası “Vaşinqton Post” qəzetində ölkəmizə dair qərəzli yazıların dərc olunması ilə bağlı bəyanat yayıb.
Azərbaycan Mətbuat Şurası “Vaşinqton Post” qəzetində ölkəmizə dair qərəzli yazıların dərc olunması ilə bağlı bəyanat yayıb.
TİA.AZ xəbər verir ki, bəyanatda “Vaşinqton Post”da yer almış yazıların Azərbaycana qarşı çirkin kampaniyanın söz və ifadə azadlığından sui-istifadə tərəfinin olduğu bildirilir. Bu cür cəhdlərin Azərbaycan cəmiyyətində, o cümlədən media ictimaiyyətində təəssüf və hiddət doğurduğu vurğulanır.
Bəyanatda deyilir: “Azərbaycan cəmiyyəti 2017-ci il iyulun 20-də dövlət başçısının jurnalistlər üçün inşa edilmiş 255 mənzillik binanın açılışında iştirakının, media təmsilçiləri ilə səmimi təmaslarının şahididir. Azərbaycan Prezidenti həmin gün jurnalistlər üçün yeni binanın təməlini qoydu. Dörd il öncə isə dövlət başçısı 156 mənzillik binanın açılışına qatılmışdı. Təəssüfləndirici haldır ki, “Vaşinqton Post” Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn bu sosial siyasətinə, humanist dəst-xəttinə fərqli don geydirməyə çalışır, məsələni təmənnalı münasibət müstəvisinə daşıyır.
Azərbaycan dövləti “Vaşinqton Post”un iddia etdiyinin əksinə olaraq heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində olmayıb. Azərbaycan jurnalistləri də heç zaman düşünməyiblər ki, dövlətin onlarla bağlı siyasəti yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi, düşündürücü materiallarla oxucularının görüşünə gəlirlər”.
Bəyanatda deyilir ki, müəyyən dairələrə Azərbaycan jurnalistinin daim problemlər məngənəsində boğulduğunu, kirayələrdə yaşadığını görmək lazımdır. Məhz buna görə də onlar dövlətin sosial siyasətindən faydalanmağı təmənna olaraq qiymətləndirməkdə maraqlıdırlar. Sual yaranır: təmənna ali dəyərlər sayılan söz və ifadə azadlığı ilə imitasiya edib xarici təşkilatların antiazərbaycan təşəbbüslərində iştirakdır, yoxsa dövlət siyasətindən faydalanmaq?
“Vaşinqton Post” jurnalistlərin mənzillə təminatı məsələsini qabardarkən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi üzərində dayanır. Nəzərə alınmalıdır ki, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, Azərbaycanda da vergidən yayınma hallarına ciddi yanaşılır. Belə olan halda bəzi Qərb dairələrinin buna ölkəmizin timsalında əhəmiyyətsiz münasibət bəsləmələri də dərin təəssüf hissi doğurur. Onların Mehman Əliyevlə bağlı məsələnin tam şəkildə araşdırılmasını gözləmədən söz və ifadə azadlığı motivlərini qabartmaları da həmçinin. Şübhəsiz ki, bu, siyasi məqsədlərdən qaynaqlanmış açıq qərəz nümayişidir.
Bəyanatda vurğulanır ki, Azərbaycan dövləti medianın rolunu yüksək qiymətləndirib. Dövlət başçısı çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyət həyatının ən müxtəlif tərəflərini işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırıb. Ölkə Prezidenti hər zaman jurnalistikanın cəmiyyətdəki missiyasına həssas yanaşıb. Bu həssaslıq media ilə bağlı dövlət siyasətinin uğur formuludur. Qərəzə, hiddətə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu kölgələməyə hesablandığı aşkar görünən hər hansı kampaniya bu uğurlu yolun qarşısını almaq iqtidarında deyil.