Ölkədən külli miqdarda pul çıxarmaqda ittiham edilən inşaat materialları istehsalçısı “Met-Ak” MMC ilə bağlı 17 yanvar tarixində baxılan işlə bağlı qərar qəbul edilmədiyi üçün proses fevral ayına təxirə salınıb.Tribunainfo.az xəbər verir ki, “Met-Ak” MMC İnzibatı Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
“Met-Ak”la bağlı işə Nərimanov rayon Məhkəməsində baxılır. 6 fevral tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə növbəti proses keçiriləcək.
Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətieilməlidid. Gətirilmədiyi təqdirdə sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.
Qeyd edək ki, “Met-Ak”1997-ci ildən fəaliyyət göstərir. Şirkətin direktoru və təsisçisi Aydın Kərimovdur. Aydın Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən