MƏSULİYYƏTSİZ VALİDEYNLƏRİ HANSI CƏZA GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azyaşlı uşağa içki içirilməsinin, siqaret çəkdirilməsinin bir neçə dəfə şahidi olmuşam. Bunu edən dırnaqarası böyüklər zarafat, əyləncə məqsədi ilə etdiklərini düşünürlər”. 

Azyaşlı uşağa içki içirilməsinin, siqaret çəkdirilməsinin bir neçə dəfə şahidi olmuşam. Bunu edən dırnaqarası böyüklər zarafat, əyləncə məqsədi ilə etdiklərini düşünürlər”.

Bu sözləri jurnalist-sosioloq Lalə Mehralı TİA.AZ-a azyaşlı uşağa içki içirdib, onu xəstəxanalıq edən valideynlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, burda nə zarafat ediləsi, nə də əyləncəyə səbəb olası bir vəziyyət yoxdur:

“Azyaşlıya alkoqollu içki içirmək onun bədəninə təcavüz etmək deməkdir. Yetkinlik yaşına çatmayan şəxslərə – yəni uşaqlara dövlət alkoqollu içki satışını, siqareti qadağan edir, bəzi özünübilməz valideynlər isə uşağı içki içməyə vadar edir. Dövlət uşaqları valideynlərindən çox düşünür. Amma o valideynin evində azyaşlı uşağa nə içirəcəyinə, nə çəkdirəcəyinə nəzarət etmək olmur. Bizim bilmədiyimiz bu kimi hallar çox olur, uşaqlar içkiyə alışdırılır. Yalnız zəhərlənmə halları baş verdikdə cəmiyyətin, hüquq-mühavizə orqanlarının xəbəri olur. Bu kimi addımlara görə, bəzi Avropa ölkələrində valideyni valideynlik hüququndan məhrum edir, ciddi həbs və ya islah cəzası ilə cəzalandırır, uşağı alaraq dövlət himayəsinə verirlər və məncə çox da düz edirlər. Bizim ölkəmizdə də qanun alidir, amma bəzən o qanunun aliliyinə zərər verənlər, zidd gedənlər olur, bu danılmazdır. Gərək hər kəs qanunun tətbiqinə öz evindən başlasın, ailə kiçik dövlətdir, o kiçik dövlətlər birləşib, bütöv, möhkəm dövlət yarada bilir. Azyaşlıya içki içirən, siqaret çəkdirən bir ailədə hansı qanunun aliliyindən, hansı əxlaqi normalardan söhbət gedə bilər? Belələrinə qarşı ciddi cəza kəsilməli, həbsə atılmalı, bu addımı atacaq digərlərinə də dərs olmalıdır. Azyaşlıya içki içirmək əyləncə deyil, ən azı nadanlıq, tərbiyəsizlik, vəhşilikdir”. 

Hüquqşünas Mehman Muradlı bildirdi ki, burda valideyn məsuliyyət daşıyır.  “Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 72-ə görə, Uşağın sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduqda uşaq valideynlərdən (onları əvəz edən şəxslərdən) alınır.

72.1. bəndinə görə, uşağın sağlamlığı və ya həyatı birbaşa təhlükədə olduqda, müvafiq icra hakimiyyəti orqanı uşağı valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq almaq hüququna malikdir. Müvafiq icra hakimiyyəti orqanı bunu müvafiq akt əsasında həyata keçirir. 72.2. bəndinə görə, uşağı götürən müvafiq icra hakimiyyəti orqanı dərhal prokurora məlumat verməyə, uşağı müvəqqəti yerləşdirməyə borcludur. Həmin orqan uşağın alınması barədə aktın çıxarılmasından sonra 7 gün ərzində məhkəməyə valideynləri valideynlik hüquqlarından məhrumetmə və ya bu hüquqların məhdudlaşdırılması barədə iddia ilə müraciət edə bilər”.

Hüquqşünas deyir ki, valideynə Cinayət Məcəlləsinin 170.2-ci maddəsinə görə, 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.

Xatırladaq ki, Yevlax rayonun Tanrıqullar kəndindində keçirilən şənlik mərasimi zamanı 2007-ci il təvəllüdlü Həsənov Sadiq Vasif oğlu doğmalarının əyləncə mənbəyinə çevrilib. Yaxınları uşağa əldə düzəldilmiş təqribən 12 qədəh araq içirdiblər. Halsız və huşsuz vəziyyətə düşən Sadiq Həsənov təcili xəstəxanaya çatdırılıb. Burada uşağın normadan artıq qəbul edilmiş keyfiyyətsiz spirtli içkidən zəhərləndiyi öz təsdiqini tapıb. Dərhal nəzarət altına götürülən zəhərlənmiş uşağa tibbi yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.


İlahə