Məşqçinin uşağın ölümünə səbəb olduğu deyilən hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ – VİDEObackend

Məşqçinin uşağın ölümünə səbəb olduğu deyilən hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində tanınmış idmançı, 1994-cü il təvəllüdlü Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə F.Bakarovun ölümünə səbəb olan məşq prosesinin görüntüsü olduğu iddia edilən video yayılıb. Videoda məşqçinin özünü pis hiss edən uşağa qarşı həddən artıq aqressiv davrandığı, onun saçından tutub ayaq üstə qalmağa məcbur etdiyi, fiziki zor tətbiq etdiyi görünür.

Video keyfiyyətsiz olduğu üçün kadrlardakıların kimliyini dəqiq müəyyən etmək çətindir. Buna baxmayaraq, məşq zalı bundan öncə Mehman Xəlilovun Fərid Bakarovla məşq keçdiyini əks etdirən görüntüdəki zalın eynisidir.

Xatırladaq ki, Sumqayıt şəhər Prokurorluğu aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi ilə bağlı cinayət işi açıb. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.