İngiltərə Premyer Liqası təmsilçisi “Vest Hem”in sponsorlarından biri olan “Adidas” klubla əməkdaşlığı dayandırıb.
Qaynarinfo xəbər verir ki, buna “Vest Hem”in futbolçusu Kurt Zumanın bir neçə gün öncə pişiyə qarşı qəddar davranması ilə bağlı videonun sosial şəbəkələrdə yayılması səbəb olub.
Dünyaca məşhur şirkət “Vest Hem”lə yanaşı, eyni zamanda Zuma ilə də əməkdaşlığa son qoyduğunu açıqlayıb. “Adidas”ın açıqlamasında aparılan araşdırmaların yekunlaşdırıldığı və Zuma ilə artıq sponsor əməkdaşlığına son qoyulduğu bildirilib.
Bundan əlavə, şirkət tərəfindən “Vest Hem”lə də əməkdaşlığın dərhal dayandırıldığı açıqlanıb. Buna səbəb isə futbolçunun hadisədən cəmi bir gün sonra növbəti Premyer Liqa matçında əsas heyətdə meydana çıxması olub.
“Vest Hem” pişiyi təpiklədiyinə görə oyunçunu iki həftəlik maaşı – təxminən 250,000 funt sterlinq məbləğində cərimələyib. Əldə edilən maliyyəni isə heyvanların rifahı üçün xeyriyyə təşkilatlarına bağışlayacaq. Buna baxmayaraq futbolçu ilə müqaviləyə son qoyulmayıb.