“Zaman sübut etdi ki, Ümummilli Lider Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyət dövründəki kimi ola bilərdi. Bəli, böyük çətinliklə bərpa olunan müstəqilliyimiz Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə möhkəmləndirildi, əbədilik qazandı.
Böyük Heydər Əliyevin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı”.
Bu fikirləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov 15 iyun Milli Qurtuluş Günü və Ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışı, dövlətçiliyin möhkəmləndirilməsində müstəsna rolu haqda danışarkən deyib. Deputatın sözlərinə görə, görkəmli dövlət xadiminin ali hakimiyyətə qayıdışı ilə ölkəmizdə mühüm işlər görüldü: “Qısa müddətdə daxili sabitlik bərpa edildi, cəbhədə atəşkəsə nail olundu, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində potensial baza yaradıldı. Eyni zamanda, iqtisadi sahədə mühüm addımlar atıldı, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı, nəticədə, Azərbaycanın iqtisadi inkişafını şərtləndirən layihələrin həyata keçirilməsinə başlanıldı”.
M.Məmmədov hesab edir ki, Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarını layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq, müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına həsr edib: “Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək”.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur”.