Məşhur Məmmədov: Özünü müxalifət adlandıran marginal qrup ağalarından yeni sifariş alıb…

Məşhur Məmmədov: Özünü müxalifət adlandıran marginal qrup ağalarından yeni sifariş alıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özünü “Milli Şura” adlandıran dərnəyin aprelin 21-nə mitinq təyin etmək qərarı “sapı özümüzdən olan balta” ların xaricdəki himayəçilərindən aldığı sifarişdir. Onlar xarici dairələrin əlində əsirə çevrilən siyasi nökərlərdir. Çünki Azərbaycan dövlətinə təzyiq etməklə gücü çatmayan qüvvələr indi daxildəki əlaltıları vasitəsi ilə gərginliyə səbəb olmaq istəyindədir. Amma onların arzusu gözündə qalacaq”.

Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov AXCP-Milli Şuranın aprelin 21-də mitinq keçirmək üçün BŞİH-ə müraciəti ilə bağlı deyib. Onun sözlərinə görə, müxalifət adına iddia edən bu qaragüruh dəstənin meriyaya göstərdiyi üç ünvan mitinq üçün münasib yerlər deyil, çünki əhalinin sıx olduğu ərazilərdir. Deputat hesab edir ki, bu anti-milli ünsürlər öz sosial bazasına güvənirsə, mitinq üçün Qaradağ rayonunda ayrılan yerə toplaşa bilərlər: “Uzaq da deyil, əgər doğurdan da onların elektoratı olduğunu düşünürlərsə, o zaman Qaradağda güclərini yoxlasınlar. Müxalifət adından danışan bu marginal qruplar heç 200 adamı ora yığa bilməz. Bunu bildikləri üçün ayrılan yerə getmirlər. Bilirlər ki, fiasko olacaq. Sadəcə, siyasi şou və ölkədə gərginlik yaranması üçün bu addımı atırlar”. Məşhur Məmmədov bildirib ki, Azərbaycan sabit ölkədir, demokratik mühit mövcuddur, iqtidarla müxalifət arasında dialoq var, siyasi güclər üçün bərabər səviyyədə rəqabət şəraiti yaradılıb, son prezident seçkisində də müxalifətdən namizədlər iştirak etdilər və onlara seçicilərlə görüşdə bütün şərait yaradıldı: “Lakin Milli Şura və AXCP dəstəsi seçkidə namizədlə iştirakdan qorxdu. Onlar yaxşı bilirdilər ki, Xankəndidə Zəfər paradı keçirmiş müzəffər Ali Baş Komandan İlham Əliyevə böyük səs fərqi ilə məğlub olacaqlar. Seçkidə iştirakdan imtina edən bu siyasi oyunbazlar indi şouya hazırlaşırlar. Məqsəd hazırda regionda həssas bir vaxtda, Cənubi Qafqazda mürəkkəb proseslər getdiyi zamanda, Qazaxın işğal altında olan kəndlərinin azad edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı dövlətin, hakimiyyətin apardığı siyasi-diplomatik mübarizənin həlledici dönəmində öz ağalarından aldıqları təlimatı yerinə yetirməklə daxildə sabitliyi pozmaq, gərgin atmosfer yaratmaqdır. Amma buna nail ola bilməyəcəklər”.