COP29 yaxınlaşdıqca anti-Azərbaycan dairələri daha da aktiv fəaliyyətə keçiblər. Onların məkrli məqsədi ölkəmizi beynəlxalq aləmdə gözdən salmaqdır. Bu fikirləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov bildirib. Deputat qeyd edib ki, bu qüvvələr sistemli şəkildə çirkin kampaniya aparır. Məşhur Məmmədov hesab edir ki, heç bir təzyiq və qarayaxma İqlim dəyişikliyi konfransının yüksək səviyyədə keçirilməsinə əngəl ola bilməyəcək: “Ötən həftə Prezident Administrasiyasının şöbə müdiri səviyyəsində də elan olundu ki, noyabrda hücumlar artacaq. Biz bunu həm Ermənistanın, həm ona havadarlıq edən mərkəzlərin bəyanatlarında görməkdəyik. Azərbaycan əleyhinə çirkin və iyrənc böhtanlar müxtəlif səpkilərdə görmək olar. Hazırda xarici və ermənipərəst QHT-lər, beynəlxalq təsisatlar, USAİD kimi erməni lobbisinə xidmət edənlər, Menendez, Adam Şiff kimi erməni diasporunun əlinə baxan 40-dan çox konqresmen və Senat üzvü, Fransanın mediası, Senatı, rəsmi Paris başda olmaqla hücuma keçiblər. Bu prosesdə AŞ PA, Avropa Parlamenti, hətta Niderland kimi ölkələr iştirak edirlər. Təbii ki, ABŞ və Fransa öndə olmaqla müxtəlif beynəlxalq qurumlar üzərimizə gəlməyə çalışırlar. Bu təlimatlar eyni güc mərkəzlərindən verilib, lakin heç nəyə nail ola bilməyəcəklər”.
Deputat söyləyib ki, Azərbaycanda siyasi məhbus yoxdur və istintaq orqanları obyektiv təhqiqat aparır: “Kimliyindən və peşəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş törətdiyi cinayət əməlinə görə məsuliyyət daşıyır. Ən absurd olanı isə budur ki, Qərb təşkilatları siyasi məhbus dedikləri adamlar siyahısına separatçı rejimin cinayətkar rəhbərlərini də əlavə ediblər. Onların gözünü qərəz o qədər tutub ki, Araiki, Vardanyanı belə müdafiə edirlər. Bu da Qərb dəyərlərinə tamamilə ziddir. Ümumiyyətlə, COP29 keçirilən ölkələrə həmişə belə basqılar etməyə cəhd olunur. Təəssüf ki, Azərbaycan da həmin qüvvələrin həmləsinə tuş gəlib. Amma biz bu qərəzli bəyanatlara layiqli cavab verməkdəyik və BMT-nin bu mötəbər konfransına ev sahibliyi etməklə, onun yüksək səviyyədə təşkili ilə sübut edirik ki, Azərbaycan sabit, təhlükəsizlik təmin olunan, demokratik inkişafa malik və sivil bir dövlətdir. Bütün bu qarayaxmalara baxmayaraq, ölkəmizə gələn ay 100 minə yaxın qonağın gələcəyi gözlənilir və bu tədbirin Bakıda keçirilməsinə razılıq verilməsi də məhz ölkəmizə olan hörmətinə əlamətidir”.
Nigar