Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) 74 saylı Masallı şəhər Seçki Dairəsi üzrə təbliğat–təşviqat kampaniyası çərçivəsində namizəd Məşhur Məmmədov növbəti görüşünü Masallı rayonunun Miyankü kənd bələdiyyə binasının həyətində Miyankü, Kubin, Nəzəroba kəndlərinin seçiciləri ilə keçirib.
Tribunainfo.az xəbər verir ki, görüşdə açılış nitqi ilə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev təşviqat kampaniyasının başladığı gündən bu görüşlərdə yüksək fəallıq göstərdiyi üçün seçicilərə minnətdarlıq edib. O, YAP-ın Milli Məclisə növbədənkənar seçkilərdə yüksək fərqlə qələbə qazanacağına əminliyini ifadə edib.
Məşhur Məmmədov öz növbəsində son illər Masallı rayonun sosial-iqtisadi sahədə yüksəlişindən bəhs edərək, ötən illərdə olduğu kimi qarşıdakı illərdə də regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Masallıda tədbirlərin davamlı olacağını diqqətə çatdırıb.
M.Məmmədov bildirib ki, Milli Məclisin deputatı seçiləcəyi təqdirdə seçicilərə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağını, səlahiyyətləri çərçivəsində onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.
Görüşdə çıxış edən seçicilər birmənalı olaraq Milli Məclisə növbədənkənar seçkilərdə fəallıq göstərəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini qeyd ediblər.
Tam əminliklə bildirdilər ki, Masallı seçiciləri yeniləşən Azərbaycana YAP-la gedəcək.
M.Məmmədovun səmimi ortamda keçən görüşləri davam edir.
Ramil