“27 sentyabr Anım Günü bizim şərəf tariximizdir. Bizim qəddimizi dikəldən, qamətimizi düzəldən, başımızı uca edən qəhrəman oğullarımız müzəffər Ali Baş komandanın rəhbərliyi altında mənfur düşməni gəldiyi yerə qədər qovdu. Bu yolda şəhid olan, canını qurban edən övladlarımız, millətimizin rəşadətli oğulları şəhadətə yüksəliblər. Bizə bu şanlı tarixi yaşadan qalib Ordumuza, şəhidlərimizə və qazilərimizə hər zaman minnətdarıq, borcluyuq. Onlar üçün nə etsək, əvəzini ödəyə bilməz. Çünki xalqımızın xoşbəxt olması və erməni faşizminin torpaqlarımızdan birdəfəlik yox edilməsi üçün 27 sentyabrdan başlayaraq 44 günlük qızıl tarix yazdılar”. Bu sözləri Tribunainfo.az-a millət vəkili Məşhur Məmmədov deyib. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra da düşmənin təxribatlarının qarşısının alınması istiqamətində son 3 ildə tədbirlər görülüb, şəhidlərimiz olub, son olaraq isə 19 sentyabrda antiterror tədbirləri ilə təkcə erməni faşizmi deyil, həm də separatçı erməni-xunta rejimi məhv edildi: “Biz 44 gündə erməni faşizminə, 23 saata isə erməni separatizminə son qoyduq. Artıq torpaqlarımızdan terrorçu qüvvələri tərkisilah edib çıxarırıq. Bu, Ordumuzun və cənab İlham Əliyevin qələbəsidir. Məhz 2020, 27 sentyabrdan başlayaraq 2023, 19 sentyabra qədər böyük bir məsafə qət edilib. Bu gün Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və bütün Qarabağda suverenliyimiz təmin edilib. Bundan sonra Qarabağda qalmaq istəyən dinc erməni əhalisi də sülh içində yaşaya bilər. Ordumuz onları xunta rejimindən xilas etdi”. Deputat bildirib ki, Anım Günü dünya azərbaycanlılarının şərəfli və qürurlu tarixidir: “Dünyanın harasında azərbaycanlı varsa, bu tarixlə fəxr edə bilər. Biz Anım Gününü qəhrəmanlıq salnaməsinin başlanğıc tarixi hesab edirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin!”