Məlum olduğu kimi, görkəmli Rusiya kinorejissoru Nikita Mixalkov rus diplomatı, siyasi xadimi və yazıçısı Aleksandr Qriboyedov haqqında çoxseriyalı bədii film çəkir. Filmin müxtəlif kadrları Azərbaycanın ayrı-ayrı yerlərində çəkilib.
Məlum olduğu kimi, görkəmli Rusiya kinorejissoru Nikita Mixalkov rus diplomatı, siyasi xadimi və yazıçısı Aleksandr Qriboyedov haqqında çoxseriyalı bədii film çəkir. Filmin müxtəlif kadrları Azərbaycanın ayrı-ayrı yerlərində çəkilib.
Mixalkov filmin mövzusu ilə bağlı bu günlərdə TASS agentliyinə açıqlama verib. N.Mixalkov bildirib ki, filmin ssenarisi hələ 1985-ci ildə yazılıb. Rejissor Qriboyedovun həyatı və ölümü haqqında olan filmdə inanılmaz tarixi faktlara yer ayrıldığını deyib: “Biz sübut etmişik ki, Qriboyedovun ölümü müsəlman əməli deyil. Bu qətli ingilislər planlaşdırıb. Çünki o, İpək yolunun salınmasında ingilislərə maneçilik edirdi”.
Onun sözlərinə görə, o illərdə Dağlıq Qarabağda müharibə getdiyi üçün çəkilişləri həyata keçirə bilməyiblər.
Mixalkov hələlik 12-15 seriyadan ibarət olacağı ehtimal olunan serial əsasında gələcəkdə film hazırlana biləcəyini də istisna etməyib.
O, həmçinin, vurğulayıb ki, serialda rus ədibi, İranda səfir olmuş A.Qriboyedovun 19-cu əsrin əvvəllərində 40 min erməniyə Qarabağda sığınacaq verməsi təsvir ediləcək: “Biz Qarabağa görə o vaxt filmi çəkə bilmədik. Orada bu müharibə başladı, biz bunu edə bilmədik”, – deyən Mixalkov əlavə edib: “Qriboyedov Qarabağda erməni ailələrə sığınacaq verdi: İrandan 40 min erməni gətirdi”.
Azərbaycan politoloq və tarixçiləri məsələyə şərh verərək bildirirlər ki, Mixalkovun sözlərini Dağlıq Qarabağın Ağdərə rayonunun Marağa kəndində ermənilərin İrandan köçürülməsinin 150 illiyi ilə bağlı qoyulmuş abidə də təsdiq edir. Onlar qeyd edir ki, hər iki fakt ermənilərin Qarabağda yerli olmaları barədə bütün iddiaların üstündən xətt çəkir.
Qeyd edək ki, filmin ssenari müəllifləri Aleksandr Adabaşyan, Yura Loşis, İrakli Kvirikadze və Nikita Mixalkovdur.
“O, bir kinorejissor kimi etiraf edir ki, ermənilər Qarabağa köçürülüb”
N.Mixalkovun Qriboyedov haqqında çəkdiyi filmə münasibət bildirən əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, o, bir mütəxəssis kimi, Mixalkovun obyektivliyi tam qoruyacağına ümid bəsləyir: “Mixalkov belə bir ciddi məsələyə müraciət edirsə, bu çox yaxşı haldır. O, bir rejissor kimi, Azərbaycana bağlı adamdır. Bu yaxınlarda onu dəvət etdilər, gəlib gənc kinorejissorlar üçün master-klass keçdi. Qriboyedovun Azərbaycana və azərbaycanlılara qarşı münasibəti bəllidir. Onun ermənilərə göstərdiyi “xidmət”i də hər kəs bilir. O, bir kinorejissor kimi, etiraf edir ki, ermənilər Qarabağa köçürülüb, bu işdə Qriboyedovun xüsusi rolu olub. Bu filmdə onun dedikləri tam əksini tapsa, ermənilərin dünyanın gözünə üfürdükləri kül tamamilə dağılacaq. İnanın ki, bu filmdə əsl həqiqət göstərilsə, bu, beynəlxalq təşkilatların, həmsədrlərin Qarabağla bağlı gördükləri işdən daha effektiv olacaq. Keçmiş zamanlarda da, indi də insanlar kinoya daha çox inanır. Filmdə əks olunsa ki, ermənilər bizim torpaqlara köçürülüb, bu çox yaxşı hal olacaq və bizim həqiqətimizə xidmət edəcək. Artıq dünya həqiqəti bir daha dərk edəcək. Düzdür, bu, ermənilərdə, onlara lobbiçilik edənlərdə ciddi qıcıq yaradacaq, ancaq nəticə etibarilə həqiqət üzə çıxacaq. Filmdə erməni məkri, hiyləsi tam açıqlansa, bu işə sevinərəm”.
“O dövrdə məhz ermənilərə dəstək göstərən…”
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də filmdə obyektivliyin tam əks olunacağına ümid bəsləyir. O bizimlə söhbətində bildirdi ki, hələ filmin çəkilişləri başa çatmadığı və təqdim edilmədiyi üçün, film haqqında birmənalı fikir bildirmək tezdir: “Film hələ tam başa çatmayıb, ancaq ortada rejissorun fikirləri var. Düşünürəm ki, bu filmin çəkilməsi müsbət haldır, əsl həqiqətlər bəlli olacaq. O dövrdə məhz ermənilərə dəstək göstərən rus diplomatının taleyi müasir dövrün ermənipərəstlərinə dərs olsun”.
Qriboyedovun şəxsiyyətinə və onun ermənilərə göstərdiyi dəstəyə münasibət bildirən alim qeyd etdi ki, ermənilərin Qarabağa köçürülməsi faktını onların ideoloqlarından sayılan Zori Balayan “Ocaq” kitabında da etiraf edib: “1828-ci ildə məşhur “Türkmənçay” müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı, bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları olmayacaqdı. Təkcə son onillikdə (60-70-ci illərdə) vətənə iki yüz mindən çox erməni köçüb”.
Bəli, Qirboyedov ermənilərin tarixi qəhrəmanı kimi bu gün də onların yaddaşında qalır. Qriboyedov 1818-ci ildə rus missiyasının katibi kimi İrana göndərilir və burada iki il işləyir. Onun İranda yaşadığı həyat əsərləri və gündəliklərində yer alır. Müraciət etdiyimiz mənbələrdə görürük ki, Qriboyedovun ermənilərə xüsusi sevgisi və pərəstişi olmayıb. O, Rusiya təəssübkeşi idi. Onun üçün Rusiyanın cənubunda iki böyük müsəlman ölkəsi sayılan Osmanlı və İranla sərhəddə xristianlardan ibarət bufer zonanın olması vacib idi və o bu planı canla-başla yerinə yetirirdi. Qirboyedov təkcə Cənubi Qafqazda və İranda deyil, Yaxın və Orta Şərqdə Rusiyanın mövqelərini möhkəmlətmək üçün dəridən-qabıqdan çıxırdı. Onun tərtib etdiyi “Təlimat layihəsi” də bu məqsədlərə xidmət edirdi”.
“Hesab edirəm ki, ermənilər birmənalı şəkildə buna mane olmağa çalışacaq”
“Humay” mükafatı laureatı, tanınmış kinorejissor Şamil Əliyev məsələyə bir qədər fərqli yanaşır. O hesab edir ki, rejissor çəkdiyi bu filmdə ermənilərin Qarabağa köçürülməsi ilə bağlı əsl həqiqəti göstərəcəksə, o onların ciddi təzyiqi ilə üzləşə bilər. Hətta o qeyd edir ki, ola bilsin ondan filmdən bəzi kadrların, yəni ermənilərə sərf etməyən məqamların çıxarılması da tələb oluna bilər: “Mixalkov hadisələri açıqlamasında bildirdiyi şəkildə yoza biləcəksə, göstərəcəksə, bu çox yaxşıdır. Bu filmdə obyektivliyin nə dərəcədə qorunacağını indidən deyə bilmərik. Tarixi həqiqətin üzə çıxması üçün Mixalkov kimi böyük sənətkarın dediyi fikirlərin filmdə əks olunması vacibdir. Bilirsiniz ki, Rusiyanın bu və digər formada həm Azərbaycanla, həm də Ermənistanla bağlı siyasəti var. Mixalkov böyük sənətkardır, onun Rusiyada nüfuzu çox güclüdür. O bu filmdə obyektivliyi qoruyub ermənilərin bizim torpaqlara köçürülməsi məsələsini işıqlandıracaq, ya yox, bunu indidən demək tezdir. Kinoda istehsal prosesi belədir ki, əvvəlcədən ssenari yazılır, film çəkiləndə ssenariyə müəyyən dəyişikliklər ola bilər. Biz bu məqamı nəzərdən qaçırmamalıyıq. Bilirsiniz, burada müəyyən dərəcədə Azərbaycanın tarixi həqiqətlərini olduğu kimi göstərməyə çalışmağın özü böyük bir cəhddir. Hesab edirəm ki, ermənilər birmənalı şəkildə buna mane olmağa çalışacaq. Ermənilərin də kino sahəsində lobbiçilik fəaliyyəti çox güclüdür. Onlar, Azərbaycandan fərqli olaraq, Rusiyanın kino sənayesində çox güclü şəkildə təmsil olunur. Ermənistanda kino sənayesi, demək olar ki, yoxdur, ancaq onlar Rusiyada kino sənayesində çox möhkəm oturuşub. Bu təbliğat məqsədi daşıya bilər deyə onların adlarını çəkmək istəmirəm. Ermənilərin Rusiyanın televiziya məkanında da gücləri var. Məncə, Mixalkov üçün tarixi həqiqəti demək asan olmayacaq. Biz demirik ki, o, Azərbaycanın tərəfinə reverans etsin, məsələni Azərbaycanın xeyrinə həll etməyə çalışsın. O bu filmdə tarixi obyektivliyi göstərə bilsə, böyük iş görmüş olar. Bunu da film ortaya çıxandan sonra görmək olar”.